Pyotr Zelinski klubunu dəyişə bilər. Polşa millisinin yarımmüdafiəçisi tezliklə taleyinə aydınlıq gətirməlidir.
Futbolinfo.az İtaliya mətbuatına istinadla xəbər verir ki, yarımmüdafiəçi “İnter”in diqqət mərkəzinə düşüb. 2016-cı ildə “Udineze”dən “Napoli”yə keçən futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Onun azad agentə çevriləcəyi milanlıların diqqətini çəkib.
“İnter” rəsmilərindən Cüzeppe Marotta hələ bu barədə danışmaq istəmir: “Zelinskinin müqaviləsinin bitəcəyini bilirik. Amma o, hələlik “Napoli”yə məxsusdur, üstəlik, neapollular yeni anlaşma barədə müzakirələr aparır. Zamanı gözləməliyik, indi yeni transferdən danışmaq üçün tezdir”.
Futbolçunun adının “İnter”lə yanaşı hallanması əbəs deyil. 29 yaşlı oyunçu Neapol klubundakı durumundan məmnun deyil və daha iddialı komanda axtarır.