“Araz-Naxçıvan” qışda iki futbolçu ilə yollarını ayıracaq. Klub rəhbərliyi Tural Bayramlı və Vadim Abdullayevi yola salmaq qərarına gəlib.

Futbolinfo.az xəbər verir ki, bu qərarı baş məşqçi Azər Bağırov yox, rəhbərlik verib. Səbəbi bilinməsə də, hər iki oyunçu il bitən kimi yola salınacaq. Onlarla müqaviləyə birtərəfli xitam veriləcək.

“Araz-Naxçıvan”ın yerli futbolçulara ciddi ehtiyacı var. Legioner limiti üzündən start “11-liy”ini qurmaq heç də asan deyil. Məhz bu səbəbdən Bağırov əziyyət çəkir, daha iki oyunçunun yola salınması ilə vəziyyət bir az da kritikləşəcək.

Amma durum elədir ki, Bağırovun rəhbərliyin qərarına etiraz etmək hüququ yoxdur. Hətta heyəti də rəhbərliyin diqtəsi ilə müəyyənləşdirən məşqçinin Zaur Axundovun göstərişlərinə etiraz etmək hüququ yoxdur. Azər bəy istəsə, postundan da gedə bilməz. Klub daxilində elə proseslər baş verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi formal fiqura çevrilib.

Zaur Axundova gəlincə, AFFA İcraiyyə Komitəsinin üzvünün rəsmiyyətdə klubla əlaqəsi yoxdur. Amma Muxtar Respublika təmsilçisi ilə bağlı bütün qərarları məhz o verir. Prezident postuna qardaşı Ramin Axundovu əyləşdirən Zaur bəy “İnter”, “Keşlə” və “Şamaxı”da olduğu kimi (bu şəxsin rəhbərliyi dövründə üç fərqli adda çıxış edən eyni klubdur) yenə əsas qərar verən şəxsdir.

Turalla Vadimin taleyi aydındır. Qərar verilib və ikinci dövrə bitən kimi yarımmüdafiəçilər yola salınacaq. Onların əvəzinə yeni legionerlər gətirilə blər, amma “Araz-Naxçıvan” ilk növbədə yerli oyunçular tapmalıdır ki, limit problemi ilə üzləşməsin.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp