Beynəlxalq Şahmat Federasiyası rəsmi saytında dünya reytinqinin hesablanması qaydalarına dəyişiklik təklifini yerləşdirib.
Əsas dəyişikliklərdən biri, 2000 xaldan az toplayan idmançılara veriləcək birdəfəlik ballardır. Onlar üçün (0,40)X(2000-hazırkı reytinq) formulası tətbiq edilə bilər. 2000 və daha yüksək reytinqə malik şahmatçılara yeniliyin təsiri olmayacaq.
Həmçinin, reytinqin deflyasiyasının qarşısını almaq məqsədilə onun minimal göstəricisini 1000-dən 1400-ə qaldırmaq təklif edilir. Digər dəyişiklik, yeni başlayan şahmatçının reytinqinin hesablanması və daha zəif rəqibə məğlubiyyət zamanı çıxılan balın limitidir.
Dəyişikliklərlə bağlı müzakirələr bu ilin martında başlayıb. FİDE-nin şurası tərəfindən təsdiq ediləcəyi təqdirdə, yeniliklər yeni ildən qüvvəyə minəcək.