Adrian Mutu “Neftçi”dən ayrıldıqdan bəri ilk dəfə Rumıniya mətbuatına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, anasının vəfatından sonra özünü çox pis hiss etdiyini bildirən 44 yaşlı mütəxəssis toparlanmağa çalışdığını söyləyib.

O, hazırda bütün komandaların baş məşqçilərinin olduğunu, ancaq fevraldan etibarən karyerasını bərpa etmək barədə düşünəcəyini bildirib: “Fevraldan mən də futbol haqqında düşünəcəyəm. Nəyin baş verə biləcəyini heç vaxt bilmirsən. İndi yalnız sakitləşmək barədə düşünürəm. Qış hazırlığı ilə məşğul olan komandaların isə məşqçiləri var”.

“Brilyant” ləqəbli mütəxəssis Buxarest “Rapid”inin yoxlama görüşündə “Sabah”a 1:2 hesabı ilə məğlub olmasını da dəyərləndirib: “Rapid”in “Sabah”la oyununun nəticəsi haqda oxumuşam. Həmin komanda Azərbaycanda 8-ci yerdədir”.

Mutu yarım mövsüm “sükanı arxasında” olduğu “Neftçi”dəki fəaliyyətinə də toxunub: “İkinci pillədəki komandadan 1 xal geri qalan “Neftçi” ilə 3-cü yerə yüksəlmişdim. Azərbaycan çempionatı güclüdür, balanslıdır, indi fərqləri görə bilirsən. Üstəlik, çempion olan “Qarabağ” şou göstərir və Avropa Liqasında çıxışını davam etdirir”.

Qeyd edək ki, “Neftçi” bir müddət əvvəl Adrian Mutunun əvəzinə baş məşqçi postuna Miodraq Bojoviçi təyin edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp