MBA-da bu gecə 8 oyun keçirilib. Onların 4-də meydan sahibləri, 4-də də qonaqlar qalib gəliblər.
Bostonda yerli komanda “Hyuston Rokets”i qəbul edib. Çempionatın lideri qonaqları 145:113 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da “Seltiks”in bu mövsüm evdəki ardıcıl qələbələrinin sayı 19-a çatıb.
Ceylon Braun görüşü 32 xalla tamamlayıb. Qonaqların türk basketbolçusu Alperen Şengün 19 xalla oynayıb.
“Miluoki Baks” doğma arenada “Qolden Steyt Vorriors”dan üstün olub – 129:118. Antetokumbo – Lillard dueti görüşdə 60 xal toplayıb. Stiv Körrinin yoxluğunda qonaq komandanın ən məhsuldar basketbolçusu 28 xal toplayan Kuminqa olub.
Qərb konfransında “Yuta Caz” “Los-Anceles Leykers”i 132:125 hesabı ilə məğlub edib. Bununla da meydan sahibləri qələbə və məğlubiyyət balansını müsbətə çevirə bilib. Xatırladaq ki, çempionatın əvvəllərində onların göstəricisi bir müddət 7 qələbə, 16 məğlubiyyət olmuşdu.
Gözlənilməz nəticələrdən biri “Dallas Maveriks”in evdə “Nyu-Orlean Pelikans”a məğlubiyyəti olub. Donçiçin yoxluğunda texaslıların heyətində Kayri İrvinq 33 xal toplayıb.