Misli Premyer Liqasındakı qış fasiləsi yanvarın 21-də başa çatacaq. Çempionatın ilk yarısında yaxşı təsir bağışlayanlar uğurlu çıxışlarını davam etdirməyə çalışacaqlar, qışadək fiasko ilə üzləşənlər isə “qara zolaq”dan xilas olmağa can atacaqlar.

Mövsümün geridə qalan 18 turunda Premyer Liqa iştirakçılarının hər birinin heyətində müsbət mənada fərqlənən futbolçular olub. Bu yazıda ilk 2 dövrə ərzində komandalarının “1 nömrəsinə” çevrilmiş, meydanda seçilmiş oyunçulardan bəhs edəcəyik.

“Qarabağ”da yeni bombardir

Qış fasiləsinə 1-ci pillədə yollanan “Qarabağ”ın heyətində bir neçə futbolçu fərqlənənlərdən oldu. Ancaq aralarında xüsusən biri ön plana çıxdı. Söhbət Ağdam klubunun ötən ilin yayında heyətinə qatdığı Olavio Juninyodan gedir.

Ramil Şeydayev və Musa Qurbanlının gedişindən sonra ön xətdə yaranan boşluğu dolduran braziliyalının uyğunlaşma prosesi uzun çəkmədi. İlk turlarda adətən sonradan meydana daxil olan və ya start heyətdə yer alsa da, ikinci hissənin gedişində əvəzlənən “sambaçı” tədricən heyətin vazkeçilməz üzvünə çevrildi. Juninyo hazırda 13 qolla bombardirlər cədvəlinə başçılıq edir.

Maraqlıdır ki, 27 yaşlı hücumçu Premyer Liqa iştirakçılarının hər birinin qapısına yol tapmağı bacarıb. Mövsümün ikinci yarısında da uğurlu çıxışını davam etdirəcəyi təqdirdə, Juninyoya görə “Qarabağ”ın qapısını döyənlərin sayı daha da artacaq.

“Zirə”nin dirəyi

Cari mövsümə “Qarabağ” üzərindəki qələbə (1:0) ilə start verən və qış fasiləsinə 2-ci pillədə yollanan “Zirə” hücumameylli futbolçularının göstəriciləri ilə öyünə bilməz. 18 tura cəmi 13 qolun vurulması da bunun bariz sübutudur. Əvəzində Rəşad Sadıqovun komandasında qapı və müdafiə xətti üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirib. Məhz bunun nəticəsidir ki, “Zirə” qışa qədər çempionatda cəmi 10 top buraxıb. Bu uğurlu statistikada əsas pay sahiblərindən biri, hətta birincisi Ruan Renatodur. Paytaxt klubunun ötən yay “Qəbələ”dən heyətinə qatdığı Renatonu ən uğurlu transferlərdən hesab etmək olar. 18 oyunun 17-də 90 dəqiqə meydanda olan Ruan yalnız 16-cı turda “Araz-Naxçıvan”la görüşdə (0:0) iştirak etməyib. Ümumilikdə 1530 dəqiqə meydanda olan Renato rəqiblərin hücumlarının qarşısının alınmasında müstəsna rol oynayıb.

“Neftçi”nin kimi var?

Yayda heyətinə xeyli sayda yeni futbolçu qatan “Neftçi”nin əksər transferləri uğursuz oldu. Yeni gələnlərdən təkcə Yuri Matias xoş sözlərə layiqdir. Müdafiədəki etibarlı çıxışı ilə yanaşı, standart vəziyyətlər zamanı vurduğu qollarla da çempionatın ilk yarısında komandaya xeyir verdi. “Neftçi”dən göndərilən Adrian Mutunun “ağ-qaralar”a tək faydası Matiası Azərbaycana gəlməyə razı salması oldu. Braziliyalı müdafiəçi döyüşkənliyi, xarakteri ilə “Neftçi”nin heyətində dərhal seçildi.

İlk 2 dövrədə sonradan meydana çıxaraq vacib qollar vuran Rəhman Hacıyev və bəzi görüşlərdə start heyətdə yer alan, özünü yaxşı tərəfdən göstərən gənc qapıçı Rza Cəfərovu da müsbət mənada fərqləndirmək olar. Ancaq onlarla müqayisədə Matiasın meydanda daha çox olması “sambaçı”nı ön plana çıxarır.

“Sumqayıt”da seçilən oyunçu

Cari mövsümdə inamlı təsir bağışlayan “Sumqayıt”da meydanda olduğu dəqiqələrə görə ilk pillədə Murad Xaçayev qərarlaşıb. O, 18 oyunun hamısını əvəzlənmədən keçirərək, ümumilikdə 1620 dəqiqə meydanda olub. Vurduğu qolların sayına görə isə Roi Kehat birincidir. İsrailli yarımmüdafiəçi çempionatın ilk yarısında 5 qolun müəllifi olub.

Lakin qol+ötürmə sayına görə Rövlan Muradov “Sumqayıt”da hər kəsi qabaqlayır. Yayda “Qəbələ”dən transfer edilən Rövlan 3 dəfə qapını dəqiq nişan alıb, bundan əlavə 5 məhsuldar ötürmə ilə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb. Üstəlik, Muradov bunu baş məşqçi Samir Abasovun onu daha çox müdafiəçi mövqeyində oynatdığı halda bacarıb. Bu mənada Rövlanı ilk 2 dövrədə “Sumqayıt”ın heyətində faydalı iş əmsalı ən çox olan futbolçu adlandırmaq olar.

“Səbail”də Ramalinqom fərqi

Qış fasiləsinə 5-ci pillədə yollanan “Səbail”də də çempionatın ilk yarısında yaxşı mənada seçilən futbolçular oldu. Adi Mehremiç müdafiənin mərkəzindəki etibarlı oyunu, Yusif Nəbiyev həm müdafiəyə, həm də hücuma kömək etməsi, Pedro Nuno vurduğu qollarla yanaşı, əla assistləri ilə “dənizçilər”in nəticələrində mühüm rol oynadı. Ancaq onlarla müqayisədə bir futbolçu daha çox ön plana çıxdı. Söhbət Aleksandr Ramalinqomdan gedir. 30 yaşlı hücumçu qışadək Misli Premyer Liqasında 7 qol vurmağı bacardı. Əgər ilk yarının gedişində zədələnməsəydi və bu səbəbdən əsl formasından uzaq düşməsəydi, qollarının sayı daha çox olardı. Ramalinqomun iştirak etmədiyi və ya formada olmadığı oyunlarda “Səbail” qol vurmaqda çətinlik yaşadı.

“Araz-Naxçıvan”ın qol ümidi

I Liqadan elitaya yüksələn “Araz-Naxçıvan” Premyer Liqaya yeni gəldiyini heç kimə hiss etdirmədi. Azər Bağırovun yetirmələri normal mövsümöncəsi hazırlıq prosesi keçməməsinə rəğmən, çempionat oyunlarında hamını müsbət mənada təəccübləndirdi.

Naxçıvan təmsilçisinin heyətində bir neçə nəfəri fərqləndirmək olar. Vadim Abdullayev, Turan Manadov, Mohammed Kadiri və Miço Kuzmanoviç çempionatın ilk yarısında komandaya az fayda vermədilər. Bu siyahının başında isə Orxan Əliyev dayanır. Komandanın ən məhsuldar futbolçusu olan Orxanın aktivində 5 qol var. Əliyevi fərqləndirməyimizin səbəblərindən biri də budur ki, o, “Araz-Naxçıvan”ın heyətində I Liqadan yüksək dəstəyə çıxan və heyətdə saxlanılan azsaylı futbolçulardan biridir. Komandası Premyer Liqada yeni olduğunu hiss etdirmədiyi kimi, Orxan da uzun müddət yüksək dəstədən uzaq qaldığını oyunu ilə unutdura bildi.

Runi “Turan Tovuz”dan getsə də…

“Turan Tovuz” çempionatın ilk yarısını qeyri-sabit keçirsə də, komandanın heyətində yaxşı mənada fərqlənən futbolçular oldu. Müəyyən oyunlarda Fərid Nəbiyev və ya Ayxan Quseynov səhnəyə çıxdı. Ancaq mövsümün ilk hissəsində “Turan Tovuz”da faydalı iş əmsalı ən çox olan futbolçu Otto Condur. Yayda Runi Evanın yerini doldurmaq üçün transfer edilən nigeriyalı forvard qısa zamanda komandaya adaptasiya oldu. Qışa qədər 6 qol vurmağı bacaran Con mövsümün ikinci yarısında da komandasının əsas qol silahı sayılacaq.

“Sabah”da fərq yaradanlar

Ötən mövsümün gümüş medalçısından cari sezonu uğursuz başlayacağını heç kim gözləmirdi. Aleksey Kaşuk və Coy-Lens Mikelsin gedişindən sonra relsdən çıxan Bakı klubu qış fasiləsinə 8-ci pillədə yollandı. Bununla belə, “Sabah”da da bəzi futbolçuları yaxşı mənada fərqləndirə bilərik. Sofian Çaklanı uğurlu transfer saymaq olar. Çempionatın ilk yarısında 17 oyunda iştirak edən Çakla 2 qol vurub. Boyan Letiç də ilk yarını pis keçirməyib. 15 oyunda meydana çıxan Letiç aktivinə 3 qol və 1 məhsuldar ötürmə yazdırıb.

Papunaşvili əsl formasını bərpa etsə…

Sezona Azər Məmmədovla başlayan, Adil Şükürovla davam edən “Kəpəz”də ilk yarıda ən fərqlənən futbolçular Georgi Papunaşvili və Adama Niane oldu. Xüsusən gürcü yarımmüdafiəçi ustalıq səviyyəsini nümayiş etdirdi, əsl formasını bərpa etdikdən sonra komandaya daha çox xeyir verəcəyini isbatladı. Çempionatın ilk yarısında 4 qol vuran 28 yaşlı futbolçu məhsuldar ötürmələri, hücumu yönləndirmək qabiliyyəti ilə də seçildi.

Auaşeriya, yoxsa Əzizli?

Turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Qəbələ”də kimisə fərqləndirmək çox çətindir. Komanda şəklində etimadı doğrultmayan “qırmızı-qaralar”da nisbətən Bilel Auaşeriya bəzi görüşlərdə yaxşı mənada seçildi. Onun çempionatın ilk hissəsində 4 qol vurması da bunu təsdiqləyir. “Qəbələ” qışa qədər Premyer Liqada hamıdan çox – 32 top buraxsa da, qapıçı Rəşad Əzizli bütün oyunlarda xeyli sayda qurtarışı ilə yadda qaldı. Rəşad olmasaydı, “Qəbələ”nin buraxdığı qolların sayı indikindən bəlkə də 2 dəfə çox olardı.

CAVAD

Shares: