“Oyunla bağlı danışılası çox şey yoxdur. Futbolçularıma təşəkkür edirəm. “Sabah” kimi komandaya qarşı əla futbol oynadılar. Yetərincə qol şanslarımız oldu. Son zamanlar top qapıdan keçmək istəmir. Səbirli olaq, daha çox çalışmalıyıq”. Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

– Penalti epizodu ilə bağlı fikriniz necədir?

– Hakim səhvləri məcbur edir ki, məşqçidən daha çox ekspertə çevrilirsən. Hər oyundan sonra hakimlərin səhvlərini müzakirə edirik. Penalti epizodundan öncə top açıq-aşkar “Sabah”ın futbolçusundan çıxmışdı. Belə götürəndə heç-heçə hakim üçün ən yaxşı nəticə idi. 4 dəqiqə artırmışdı. Həmin vaxt da artıq vaxt bitmişdi. Belədə oyunu niyə bitimir, niyə vaxtı uzadır?

– Çox gərgin görünürsünüz. Bu gün rahat yata biləcəksiniz?

– Artıq alışmışam, təəccüblənmirəm. “Qarabağ”la oyunumuzda rəqibin 2 qırmızı vərəqəsi verilmədi. Həmin epizodlar müzakirə olundu. VAR niyə susurdu? VAR-da kim oturmuşdu? Rauf Cabbarov. Bu gün həmin Cabbarov bizim ağır oyunumuza təyinat alır. Tural Qurbanov bizim oyunlara niyə təyinat almır? Çünki bizim oyuna görə cəzalanıb. Amma bizə qarşı səhvlərə görə niyə heç kim cəzalanmır? “Qarabağ”la oyunda bizim lehimizə, rəqibin 2 qırmızı vərəqəsini verməyən hakim bu gün yenə bizim oyunu idarə edir. Bu, komandaya da psixoloji cəhətdən pis təsir edir. Hətta matçdan öncə də öz aramızda bu barədə müzakirə aparırdıq. “Turan Tovuz” və “Araz-Naxçıvan”la oyunlarda vurduğumuz qollar ofsayta görə sayıldı. Amma onda VAR təkrarda xətti çəkərkən niyə ox qalxmamışdı, bu gün isə qalxmışdı. Deyəsən, Eldarın qulağı xətti keçmişdi. Hər dəfə deyirəm daha hakimlər məni heç nə ilə təəccübləndirməyəcək, amma təəccübləndirirlər. Neyləyim, taleyimə belə yazılıb. Məşqçiliyə başladığım ilk gündən heç nə dəyişməyib. Mövsümün əvvəli sakitlikdir. Sonradan 1-ci yer, 2-ci yer, 3-cü yer, yox, “Zirə”yə olmaz. Vaxtı ilə bu olmazlar Qurban Qurbanov üçün var idi. Amma indi “Qarabağ” elə səviyəyə gəlib ki, heç nə edə bilmirlər. Qurban Qurbanova, Rəşad Sadıqova uğur qazanmaq olmaz.

– Çıxış yolunu nədə görürsünüz? Bəlkə ölkə xaricindən hakimlər dəvət edilsin?

– Məsələ o deyil. Niyə hakim səhvləri başqa oyunlarda olmur? Məsələ “Zirə” ilə bağlıdır. “Zirə” nəticə verməməlidir. Hakim səhvləri olmasaydı, 3 il ardıcıl avrokuboklarda çıxış edərdik.

– Siz hər oyundan sonra etiraz etsəniz də, dəyişən nəsə yoxdur. Bəlkə klub rəhbərliyi daha ciddi şəkildə etiraz bildirsin?

– İnanın ki, yenə də davam edəcək. 3 ildir eyni proses gedir. Bilmirik məşqçilik edək, yoxsa 3 ildir yarımdır baş verən hadisələrdə daha təmkinli olaq.

– Bütün bunların sonunu necə görürsünüz?

– Heç nə, bilmirəm necə olacaq. Gözləyək, görək.

Shares: