MBA-da bu gecə 12 oyun baş tutub. Ən maraqlı oyunlardan biri Denverdə olub. Son çempion “Naggets” bu il titul qazanmağa əsas namizədlərdən sayılan “Miluoki Baks”ı qəbul edib.
Dok Riversin yeni təyinat aldığı komanda çempiona 107:113 hesabı ilə məğlub olub. Nikola Yokiç növbəti dəfə tripl-dabl edib. Qonaqların lideri Antetokumbo isə dabl-dablla kifayətlənib.
“Hyuston Rokets” doğma arenada “Los-Anceles Leykers”lə qarşılaşıb. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların oyununda meydan sahibləri böyük hesabla qələbə qazanıblar. Bəzi hallarda üstünlük 30 xala çatıb. Yekunda “Rokets” 135:119 hesablı qələbə ilə turnir cədvəlində Lebron Ceymsin komandası ilə fərqi azaldıb. Türkiyəli basketbolçu Alperen Şengün dabl-dabl edib. Onun aktivində 31 xal və 12 ribaund var.
Luka Donçiçin 45 xal topladığı görüşdə “Dallas Maveriks” evdə “Orlando Mecik”i məğlubiyyətə uğradıb – 131:129. Oklahomada isə liderlərdən biri “Minnesota Timbervulvz” 107:101 hesablı qələbə qazanıb.
Daha bir türkiyəli basketbolçu üçün gecə məhsuldar alınıb. “San-Antonio Spörs”ün şərəfini qoruyan Cedi Osman start beşliyinin üzvü olmasa da, qarşılaşmada 20 xal toplayıb. Komandası isə “Vaşinqton Vizards”a 113:118 hesabı ilə məğlub olub.
Çempionatın lideri “Boston Seltiks” doğma aranada “Nyu-Orlean Pelians”dan 118:112 hesabı ilə üstün olub. Los-Ancelesin “Klippers” komandası isə Klivlend səfərindən məğlubiyyətlə dönüb – 108:118.