Azərbaycan Premyer Liqasında 2023-2024 mövsümündə meydana çıxan futbolçu sayı 250-yə çatıb.
Futbolinfo.az saytının məlumatına görə, 21-ci turda keçirilən oyunlardan sonra yubiley rəqəminə çatmaq mümkün olub.
Geridə qalan turda 5 futbolçu cari mövsüm ilk dəfə meydanda olub. Bunlar “Səbail”dən Suleyman Alluş, “Sabah”dan Abdulax Xaybulayev, Xəyal Əliyev, “Qəbələ”dən isə Feras Abu Akal və Klesio Bauk olub.
Mövsümün iki debütantı ilə birlikdə “Sabah”ın heyətində cari mövsüm iştirak edən oyunçu sayı 29-a yüksəlib. Bununla Bakı klubu ən çox futbolçunun xidmətindən yararlanan “Turan Tovuz”a çatıb.
250 futbolçudan 6-sı – Ceyhun Nuriyev (“Sabah”, “Zirə”), Amil Yunanov (“Səbail”, “Kəpəz”), Camal Cəfərov (“Sabah”, “Kəpəz”), İsmayıl Zülfüqarlı (“Neftçi”, “Turan Tovuz”), Aleksey İsayev (“Sabah”, “Qarabağ”) və İldar Alekperov (“Sabah”, “Araz-Naxçıvan”) mövsüm ərzində iki komandanın formasını geyiniblər.