Ötən yazılarımızda məktəbəqədər və məktəbdə fiziki tərbiyənin orqanizmə təsirindən yazmışdıq. Bu dəfə mövzunu yekunlaşdırmaq üçün ali təhsil ocaqlarında idman dərslərinə toxunaq.

Universitet və institutlarda bədən tərbiyəsinin vəziyyəti sovet dönəmindən acınacaqlı olub. Halbuki, bu yaşda insan idmana daha çox meylli olmalıdır. Orqanizmin ən güclü vaxtları məhz tələbəlik illərinə düşür. Bu zaman vücudda olan energini çıxarmağın və sərf etməyin ən yaxşı yolu idmanla məşğul olmaqdır.

Gənclik vaxtında idman vacib olmalıdır. Həkimlərdən gətirilən arayışlarla idman dərslərindən azad olmaq ilk növbədə həmin şəxsə mənfi təsir göstərir. Əgər məhdudiyyətlər həqiqətə uyğundursa, belə insanlarla xüsusi proqramla işləmək lazımdır. Sağlam gənc nəslin yetişməsi təhsil nazirliyi və ali təhsil ocaqlarının üzərinə düşən ən ülvi məsələlərdən biridir.

İdmanla məşğuliyyət insanda xüsusi harmoniya yaradır. Bu harmoniyaya malik insanlar fiziki əməyə daha hazır və sosial cəhətdən daha möhkəm olurlar.

Ali məktəblərdə ən böyük problemlərdən biri idman dəslərində iştirak edən tələbələrin az olması və yaxud da heç olmamasıdır. Məlum olduğu kimi, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Akademiyası var. Burada idman dərslərinə toxunmağa lüzum yoxdur. Məsələnin problemli tərəfləri digər ali təhsil məktəblərinə aiddir. Əksər insanlar tələbəlik dönəmində idman dərslərindən uzaq olublar. Burada günah təkcə tədrisə cavabdeh olan şəxslərdə deyil, həm də tələbələrin özlərindədir. Bunların qarşısını almaq üçün ilk növbədə gənclərə idmanın faydasını aşılamaq lazımdır. Məhz təbliğat problemin əsas qaynaqlarından biridir.

71780077 2555845581105428 1700451692211863552 n - Futbolinfo.az

Digər bir problem müəllimin işinin öhdəsindən məsuliyyətlə gəlməməsindədir. İdman dərsinə gələn tələbə qeyri-peşəkar tədrislə üz-üzə qalır. Bu da onda olan marağı bir qədər də aşağı salır.

Bütün bunların qarşısını almaq üçün müxtəlif yollar mövcuddur. İlk növbədə tələbə çempionatları və liqaları lazımdır. Bizdə təəssüf ki, bu iş lazımi səviyyədə aparılmır. Dünyanın inkişaf etmiş ölkələrində tələbə liqalarındakı mübarizələr peşəkar çempionatlardan geri qalmır. Misal üçün NCAA-nı çəkmək mümkündür. Basketbol üzrə ABŞ-nin tələbə assosasiyası dünyada ən reytinqli yarışlardan sayılır.

Tələbə çempionatları təkcə basketbolda olmur. Digər növlərdə də bunu görmək mümkündür. Azərbaycan üçün ən uyğun çempionat futbol üzrə ola bilər. Çünki ölkəmizdə gənclərin futbola marağı kifayət qədərdir. Xüsusilə də minifutbola olan marağın yüksk səviyyədə olduğunu müşahidə edirik. Təəssüf ki, bunlardan kifayət qədər istifadə edilmir. Nəticədə həm gənc nəslin sağlamlığına ciddi ziyan dəyir, həm də onların həyat yolunda xoşagəlməz dəyişikliklər baş verir.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: