“Səbail”in müdafiəçisi Yusif Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçəni necə dəyərləndirirsən? Ümumi olaraq oyun sizin üçün necə keçdi?

– Matça yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik, amma bacarmadıq. Düşünürəm ki, elə matçın ədalətli nəticəsi heç-heçə idi. Məncə, “Araz-Naxçıvan” oyunu ilə diqqət çəkən komandadır.

– Rəqib oyunboyu sizdən daha çox qol epizodu yarada bildi. Səncə, buna görə bir xala sevinə bilərsiz?

– Mən elə fikirləşmirəm, oyunu iki hissəyə bölmək mümkündür. Birinci hissə rəqibin üstünlüyü ilə keçdi, ikinci hissədə isə biz daha çox qol epizodu yaratdıq. Real qol epizodlarımız az deyildi, sadəcə, vura bilmədik.

– “Səbail” Azərbaycan Kubokunu da nəzər alsaq, qış fasiləsindən sonra 7 matçda yalnız 1 qələbə qazanıb. Bunu sizin üçün pis nəticə saymaq olar?

– Düşünürəm ki, bugünə qədər olan nəticəmiz bərbad deyil. Yaxşı olduğunu da demək olmaz. Çox fürsətləri qaçırmışıq. Bəzi oyunlarda qalib gəlməli idik, amma olmadı. Bu da çempionatımızın gərginliyindən irəli gəlir. Son illərin ən maraqlı və gərgin çempionatını izləyirik.

– İkinci qolda etdiyin səhvi necə izah edə bilərsən?

– Çox kobud səhv elədim. Heç bir futbolçu istəməz ki, komandasını pis vəziyyətdə qoysun. Qapımızda qol gördük və təbii ki, mənim üçün şanssız an idi. İlk dəfə idi ki, başıma bu cür şey gəlirdi.

– Səhvdən hansı nəticəni çıxarırsan?

– Fikrimcə, bu səhv məni böyüdəcək, dərs çıxaracam. Əsas olan oyundan qopmadım. Səhvimi hardasa az da olsa, verdiyim qol ötürməsi ilə yumağa çalışdım.

– Qarşıda “Sabah”la matç var. İkinci qələbəni qazana biləcəksiz?

– “Sabah”la oyuna hazırlaşıb qələbə üçün meydana çıxacağıq. Çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, xal və ya xallar qazanaq.

FƏRİD

Shares: