Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın qonağı olacaq “Braqa” heyətində bəzi dəyişikliklərə əl atacaq.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Artur Jorje Bakıda bəzi risklər etmək niyyətindədir.

Çalışdırıcı Portuqaliya çempionatında “Farense” ilə qarşılaşmada sonradan meydana çıxaraq qəhrəmana çevrilən hücumçu Rocer Fernandeşi cavab görüşü üçün əsas “silah”ı hesab edir. O, 18 yaşlı ön xətt oyunçusuna start heyətində şans verməyi düşünür. Portuqaliyalı mütəxəssisin fikrincə, Fernandeş “Qarabağ”ın müdafiə xəttini yaracaq tipdə oyunçudu.

Ümumiyyətlə, Artur Jorje hücumameyilli heyətdə iki mərkəz hücumçusuna şans verməyi nəzərdən keçirir: “Əlbəttə ki, bu, “Qarabağ”ın əks-hücumlarda əlini gücləndirə bilər. Ancaq quyudan çıxmaq üçün bu riskə getmək şərtdir”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Braqadakı ilk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Shares: