Avrokuboklara vəsiqəni hədəfləyən “Neftçi” növbəti mövsüm daha iddialı olmaq arzusundadır.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bu məqsədlə yayda heyətinə əl gəzdirəcək. Şübhəsiz ki, baş məşqçi Miodraq Bojoviç öz heyətini qurmaq üçün transfer etmək istədiyi və yolları ayırmağı planlaşdırdığı oyunçuların adını rəhbərliyə təqdim edəcək. Baş məşqçi dəyişikliyindən sonra daha çox oynamaq şansı əldə edən müdafiəçi Mark Tamaş mütəxəssisin “qara siyahı”sında yoxdur.

Buna baxmayaraq, macarıstanlı mərkəz müdafiəçisinin “Neftçi”dən ayrılması istisna deyil. Çünki 30 yaşlı oyunçu bir neçə ölkədən təklif alıb. Onun Rusiyada oynamaq ehtimalı daha yüksək qiymətləndirilir. Artıq Premyer Liqanın iki klubunun Tamaşla maraqlandığı bildirilir. Lakin həmin komandaların adları hələ açıqlanmayıb.

Qeyd edək ki, Mark Tamaşın “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Shares: