Misli Premyer Liqasının cari mövsümündə 4 istefa reallaşıb. “Neftçi”, “Sabah”, “Kəpəz” və “Qəbələ” yola yeni çalıdırıcı ilə davam edir.

Maraqlıdır ki, baş məşqçisini dəyişən komandalardan üçü ötən mövsüm uğur qazananlardır. “Sabah” və “Neftçi” keçən çempionatın medalçıları, “Qəbələ” kubok sahibidir.

İstefalardan üçünə “Qarabağ”ın səbəbkar olması digər maraqlı faktdır. Adrian Mutunun qələmi “Neftçi”nin Premyer Liqada ağdamlılara məğlubiyyətindən sonra qırıldı. “Kəpəz” çempionatda, “Sabah” kubokda “Qarabağ”a eyni hesabla (1:7) uduzduqdan sonra əvəzetməyə ehtiyac duydu. Digər istefanın yaşandığı “Qəbələ”də isə yeni baş məşqçi məhz çempionla təxirə salınmış görüşdə debüt edəcək.

“Neftçi”də istefanın nəticələrə ciddi təsir etdiyini demək olmaz. Mutu və o gedəndən sonra komandanın müvəqqəti tapşırıldığı köməkçiləri 18 oyuna 28 xal toplamışdısa, Miodraq Bojoviç 6 matçda cəmi 8 xal yığıb. Faiz etibarı ilə yeni məşqçi daha uğursuzdur.

“Sabah”da da oxşar vəziyyətdir. Murad Musayev 20 matçda 26 xal yığmışdı, onu müvəqqəti əvəz edən idman direktoru İqor Ponomaryov 4 görüşdə 5 xalı komandanın aktivinə yazıb. “Bayquşlar”da da əvvəlki məşqçinin daha yaxşı olduğu görünür.

“Kəpəz”də isə vəziyyət fərqlidir. Azər Məmmədov və köməkçiləri 13 matçda cəmi 9 xala sevinmişdisə, Adil Şükürov daha az oyunda daha çox xal yığmağa nail olub – 10 oyuna 14 xal. Gəncəlilərin əsas rəqibi “Qəbələ”ni ötüb xeyli uzaqlaşması da vaxtında edilən dəyişikliyin nəticəsidir.

İndi növbə “Qəbələ”dədir. Elmar Baxşıyev 23 oyuna cəmi 15 xal qazanmağa müvəffəq oldu. Kaxaber Sxadadze qarşıdakı 13 oyunda daha yaxşı nəticə göstərməlidir. Əks halda, 8 xallıq məsafədə olan “Kəpəz”i ötmək, Premyer Liqada qalmaq mümkün olmayacaq.

Shares: