Arif Əsədov müvəqqəti baş məşqçi olduğu milli komandadakı işini məğlubiyyətsiz başa vurdu. Bu statistika ona ölkəmizə gəlib-getmiş bütün əcnəbilərdən yuxarı pillədə dayanmağa imkan verəcək.

Təbii ki, yoxlama oyunları etalon sayıla bilməz. Lakin hətta belə oyunların nəticələrinə görə də Əsədov millinin tapşırıldığı gəlmələrdən daha üstün durumdadır. Bəlkə də milli komandanı ona tapşırmaq riskli olardı. Arif bəy vaxtilə “Neftçi”ni çempion etsə də, ondan sonra ciddi iş təcrübəsi olmayıb, karyerasında növbəti ciddi çağırış olmayıb. Bu səbəbdən Əsədov sirli qutudur. Ancaq o dəqiqdir ki, Nikola Yurçeviç onunla müqayisədə daha zəif biri idi, Canni de Byazinin də Azərbaycan futbolunu Arif bəydən daha yaxşı bildiyini iddia etmək olmaz.

Qurban Qurbanovun İcraiyyə Komitəsinin üzvü olacağını nəzərə alsaq, milli komandamızın kimə tapşırılacağı günün əsas suallarındandır. Yeni AFFA rəhbərliyinin də millini əcnəbiyə tapşıracağı görünən ehtimaldır. Əmin olun ki, hər hansı əcnəbi Arif bəydən daha yaxşı işləməyəcək, əksinə, həm zaman, həm də maliyyə itirəcəyik. Qurbanova güvənilməyəcəksə, hər hansı əcnəbidənsə, istənilən yerli məşqçi, o cümlədən uzun müddətdir köməkçi kimi çalışan Əsədov daha yaxşı variantdır.

Milli komandamızın son iki oyunu işə qiymət vermək üçün yetərli deyil. Yeganə qolla, çətinliklə yendiyimiz Monqolustan yığması çox zəif idi, dünən heç-heçə (1:1) oynadığımız Bolqarıstan isə tarixinə uyğun olmayan vəziyyətdədir, lakin potensiallarına şübhə etməyə dəyməz. Belə rəqiblərlə görüşdə, həm də evdə dominant futbol oynamağımız şərt idi. Nəticəni bir yana qoysaq (hətta onu da pis saymaq olmaz), komandanın sərgilədiyi futbol pis deyildi. De Byazinin qorxaq futbolu ilə müqayisədə, cəsarətli oyun üslubu ilə daha yaxşı görünən millimiz daha güclü bolqarlarla görüşdə də qapazaltı uşaq kimi görünmədi.

Monqollarla oyun bir yana, məhz avropalılarla görüşdə milli komandamızın potensialının ümidverici olduğunu gördük. Komandamız matç boyu hücumda oldu, daim qolu düşündü, hətta hakim səhvindən sonra buraxdığı qoldan sonra ruhdan düşmədi, inadla mübarizə aparıb cavab topunu vurdu. Komandanın əsl məşqçi işinə ehtiyacı var. Əsədovun kifayət qədər zamanı olmayıb, yeni məşqçi kim olacaqsa, bir an öncə təyinatı rəsmiləşməli, Millətlər Liqasına hazırlaşmaq üçün zamanı itirməməlidir.

Milli komandanın potensialı xaricdə legionerlərimizin çoxluğu, istedadlı gənclərin üzə çıxması və “Qarabağ”ın üzvlərinin beynəlxalq oyun təcrübəsinə əsasən yüksək qiymətləndirilir. Bu üstünlükləri birləşdirib yaxşı komanda formalaşdırmaq olar. Amma Azərbaycan futboluna biznes obyekti kimi baxanlar hansısa əcnəbini gətirəcək, onun yerli futbola bələd olmamasına məhəl qoymayacaq, pul qazanmaq naminə potensialın məhv edilməsinə göz yumacaq. İllərdir belə davam edir. Halbuki hər zaman yerli məşqçilərin nəticələri, işi gəlmələrdən daha yaxşı olub. Hətta bu gün çoxunun ciddi variant kimi diqqətə almadığı Əsədov ən məşhur legioner məşqçidən daha daha faydalı olar. Güvənmək, əcnəbilərə verilən dəstəyin yarısını əsirgəməmək kifayətdir.

FƏRİD

Shares: