AFFA-nın baş katibi Sərxan Hacıyev FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan millisinin Bolqarıstana qarşı keçirilən oyunundan sonra jurnalistlər üçün brifinq keçirib.

– Ümumi olaraq “FİFA series – Edition 2024” turnirini necə dəyərləndirirsiniz?

– İlk dəfə idi ki, belə bir turnir keçirilirdi. Bildiyiniz kimi, bu, FİFA-nın yeni layihəsidir. Ali futbol qurumunun təşəbbüsü ilə müxtəlif qitələri əhatə edir. Avropada ilk dəfə Azərbaycan ev sahibi kimi seçildi. Qonaq komandalar arasında 3 fərqli qitəni təmsil edən komandalar dəvət olunmuşdu. Bu turnir futbolun inkişafına gətirib çıxara bilər. Çünki digər qitə komandaları ilə yoxlama görüşlərində tez-tez qarşılaşmaq mümkün olmur.

– Millimizin turnirdəki çıxışını qənaətbəxş hesab etmək olar?

– İlk oyunda millimiz pis oynamadı. Xeyli qol şansları var idi. Demək olar ki, 90 dəqiqə təkqapı oyun gedirdi. Sadəcə, qol gəlmirdi. Sonda komandamız istəyinə çatdı və qələbə qazandı. Ümumi götürdükdə, yığmamız pis təsir bağışlamadı. Bugünkü matçda da komanda inamlı görünürdü. Həm birinci, həm ikinci hissədə müəyyən şanslarımız var idi. Onlardan yararla bilmirdik. Qapımızda qol gördük. Sonradan komanda hesabı bərabərləşdirməyə müvəffəq oldu. Vaxt qalmadı ki, ikinci qolu vuraq.

– Turnirin maliyyə xərclərini AFFA qarşıladı, yoxsa FİFA?

– Xərclərin hardasa 80 faizi FİFA tərəfindən qarşılandı. Çünki bu, onların layihəsidir.

– Monqolustanla oyun bizim milli komandaya nə qazandırdı?

– İstənilən rəqibə qarşı oyun öz faydasını verə bilər. Bu, daha çox texniki sahəyə aid olan sualdır. Şəxsi fikrimdir ki, gücündən asılı olmayaraq hər rəqibə qarşı oynamaq millimiz üçün vacibdir.

– Monqolustan və Bolqarıstanla oyunların nəticəsi Arif Əsədovun millidəki gələcək taleyinə təsir edə bilər?

– Bu barədə açıqlama verə bilmərik. Çünki baş məşqçi məsələsi ilə İşçi Qrup məşğul olur. Yalnız onu deyə bilərəm ki, axtarışlar davam edir.

– Hazırda danışıq apardığınız mütəxəssis var, yoxsa bütün suallara aprelin 2-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransından sonra aydınlıq gələcək?

– Bu dəqiqə heç kimlə danışıqlar aparılmır. İşçi Qrupun müzakirələrindən sonra baş məşqçi məsələsi ilə bağlı qərar qəbul olunacaq.

– “FİFA series – Edition 2024” çərçivəsindəki 2 oyuna görə komandaya mükafat veriləcək?

– Bəli, mükafat olacaq. Milli komandanın hər oyunu üçün mükafat nəzərdə tutulur. Bu 2 qarşılaşmaya görə də komanda standartlara uyğun mükafatlandırılacaq.

– Bəzən belə fikirlər səslənir ki, legioner həyatı yaşayan futbolçular millidə lazımınca can yandırmırlar.

– Belə olduğunu düşünmürəm. Məncə, legioner həyatı yaşayan, yaxud yerli futbolçu olmasından asılı olmayaraq, hər oyunçu yığmada can yandırır.

Shares: