“Kəpəz” iki antirekordunu təkrarlayıb. gəncə təmsilçisi Azərbaycan çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.
Futbolinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Adil Şükürovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XXVIII turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub.
2006-cı il martın 25-də “Neftçi” “Kəpəz”in meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb. Bu dəfə isə gəncəlilər ev matçını Bakıda – rəqibi “Qarabağ”ın stadionunda keçirib.
“Kəpəz” həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” gəncəlilərin meydanında 6 qol vurub.