“Zirə” və “Səbail” komandaları Azərbaycan çempionatları tarixində yubiley qələbələrini qazanıblar. Futbolinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXI turuna təsadüf edib.

“Araz-Naxçıvan”ı 2:0 hesabı ilə üstələyən “Səbail” 50-ci, “Neftçi”yə (3:1) qalib gələn “Zirə” 100-cü qələbəsini rəsmiləşdirib.

“Səbail” 50 qələbədən 29-nu evdə, 21-ni səfərdə qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 25-ci komandadır. “Dənizçilər” ilk qalibiyyətini 2017/2018 mövsümündə əldə edib. 2017-ci il avqustun 19-da “Neftçi”ni qəbul edən debütant 1:0 hesabı ilə qələbə qazanıb.

Premyer Liqada 2015-ci ildə debüt edən “Zirə” 100-cü qələbəsini 263-cü görüşündə əldə edib. Zirəlilər 59 dəfə evdə, 41 dəfə səfərdə üç xala seviniblər. Qəsəbə təmsilçisi ölkə çempionatları tarixinə 100 və daha çox qələbə qazanan 13-cü komanda kimi düşüb. Paytaxt klubunun ilk zəfəri 2015-ci il avqustun 9-da AZAL-la ev matçına təsadüf edib – 1:0.

Shares: