“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayevin futbolinfo.az saytına müsahibəsi

– “Zirə” ilə çempionat oyununda əksəriyyət rəqibin 3 xal qazanacağını gözləsə də, proqnozları alt-üst etdiniz. Bu görüşdə nəyin hesabına qalib gələ bildiniz?

– Ola bilər ki, bu oyunda futbol ictimaiyyəti üçün gözlənilməz nəticə qeydə alındı. Amma biz qələbəyə çox inanırdıq, qalib gəlməyi çox istəyirdik. Hər birimiz meydana 3 xal üçün çıxmışdıq. Sona qədər də bunun üçün mübarizə apardıq. Komandamız xarakter göstərdiyi, meydanın hər qarışı uğrunda mübarizə apardığı üçün “Zirə”yə qalib gələ bildi. İntizamlı oynamağa çalışdıq.

– Bu qələbə ilə həm də uğursuz gedişata son qoydunuz. Çünki neçə vaxt idi ki, qələbə qazana bilmirdiniz…

– Bəli, çoxdan idi ki, qalib gələ bilmirdik. Elə oyunlarımız olub ki, həqiqətən də acı məğlubiyyətlər almışıq, üstün olduğumuz halda uduzmuşuq. Buna görə də psixoloji cəhətdən axsayırdıq. “Zirə” üzərindəki qələbə bizə çox lazım idi. Allaha şükürlər olsun ki, uğursuz gedişata son qoya bildik. Çalışacağıq ki, çempionatın qalan oyunlarında da yaxşı nəticəyə imza ataq.

– Yeni baş məşqçiniz Elmar Baxşıyev öz fəlsəfəsini komandaya tam aşılaya bilib?

– Elmar Baxşıyev özünü təsdiq etmiş məşqçidir. Komandaya yeni gəlib. Hər bir məşqçi kimi, onun da öz dəst-xətti var. İstəyir ki, futbol fəlsəfəsini bizə aşılasın. Biz futbolçular da çalışırıq ki, onun dediklərini meydanda icra edək. Hələ görəcəyi işlər qabaqdadır. Bizim işimiz odur ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək.

– Növbəti turda “Sabah”la üz-üzə gələcəksiniz. Son 3 turda qələbə qazanan rəqib önündə hansı nəticəni gözləyirsiniz?

– “Sabah” çox keyfiyyətli komandadır, səviyyəli futbolçuları var. Bunu hər birimiz dərk edirik. Amma şəxsən mənim üçün rəqibin kimliyinin fərqi yoxdur. Çıxdığımız hər bir oyunda qələbə üçün mübarizə aparmalıyıq. Meydançada əzmkarlıq nümayiş etdirməli və qalib gəlməyi çox istəməliyik ki, Allah nəticəni bizə bəxş etsin.

– “Araz-Naxçıvan”ın cari mövsümdəki çıxışını ümumi olaraq necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, “Araz-Naxçıvan” bu mövsüm Azərbaycan Premyer Liqasına ən çox rəng qatan, haqqında ən çox danışılan, futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirən komanda oldu. Bu klubun bir parçası olmaq mənim üçün xoşdur. Ağır oyunlarımız da olub. Amma ümumilikdə komanda şəklində daha çox yaxşı oyunlar keçirmişik. Çalışacağıq ki, öz imicimizi sonadək qoruyaq və haqqımızda səsləndirilən müsbət, pozitiv fikirlərin əbəs olmadığını sübut edək.

FƏRİD

Shares: