“Neftçi”nin sabiq futbolçusu Slavço Georgiyevski Bakı klubunun cari mövsümdəki çıxışını dəyərləndirib. Şimali makedoniyalı keçmiş yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında komandanın Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a məğlubiyyətinə (1:4, 0:4) məyusluq keçirdiyini bildirib.

Onun fikrincə, baş məşqçi Miodraq Bojoviç “ağ-qaralar”ın tələblərinə cavab verə bilməyib: “Neftçi”nin Azərbaycan Kubokunda “Qarabağ”a hər iki oyunda böyük hesabla məğlub olması məni çox üzdü. “Qarabağ” nə qədər güclü olsa da, “Neftçi” kimi böyük klub üçün belə nəticələr qəbulolunmazdır. Çempionatda uğursuz olduqları üçün kuboku qazanacaqlarını proqnozlaşdırırdım. Səhv etmirəmsə, rəhbərlik də baş məşqçinin qarşısına bu tələbi qoymuşdu. Hədəfə çatmaq bir tərəfə, biabırçı məğlubiyyətlər oldu”.

44 yaşlı mütəxəssis “Neftçi”yə çıxış yolunu da göstərib: “Məncə, yerlilərə üstünlük vermək lazımdır. Təbii ki, bir neçə güclü legioner də yerli gənclərin yanlarında olmalıdır. Gətirəcəkləri baş məşqçiyə də heyətin formalaşması, gənclərin təcrübə yığması üçün vaxt vermək lazımdır. Bunu etsələr, “Neftçi” uzun müddət parlaq futbol nümayiş etdirər və uğurlu nəticələr qazanar”.

Georgiyevski “Neftçi” azarkeşlərinin komandanı tez-tez boykot etməsi ilə bağlı da fikirlərini bölüşüb: “Neftçi” azarkeşləri möhtəşəmliyi ilə hər zaman Azərbaycanda bir nömrə olublar. Onlar daim komandanın zirvədə olmasını istəyirlər. Bizim vaxtımızda da təzyiqlərini həmişə hiss edirdik və bu, bizi daha güclü olmağa vadar edirdi. Bu səbəbdən azarkeşlərin narazılıqlarını anlayışla qarşılamaq lazımdır. Futbol azarkeşlər üçün oynanılır. “Neftçi” də oyunu ilə fanatlarını sevindirməlidir”.

Qeyd edək ki, Slavço Georgiyevski 2010-2012-ci illərdə “Neftçi”nin formasını geyinib.

Shares: