AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Misli Premyer Liqasının bu həftəsonu keçiriləcək 1 və ya 2 oyunda VAR-da əcnəbi hakimlərin olacağını təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, qurum rəsmisi bununla bağlı “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində danışıb.
Hacıyev bildirib ki, avrokuboklar zonasında gərgin mübarizənin getdiyini nəzərə alaraq AFFA bu cür addım atıb: “Qərara alınıb ki, hər hansısa bir fors-major hadisə olmayacağı təqdirdə ilk dəfə bu həftəsonu keçiriləcək 1 və ya 2 oyuna beynəlxalq VAR hakimi dəvət olunsun. Oyunlarda bizim meydanda hakimlərə köməklik etsin. Belə bir təcrübə VAR-la bağlı ilk dəfə həyata keçiriləcək. Bu günədək beynəlxalq VAR hakimi Azərbaycan Premyer Liqasında hər hansısa oyuna təyinat almayıb. Bunun da matçlara müsbət təsir edəcəyini düşünürəm. Nəzərə alsaq ki, yarışın bitməsinə 2 tur qalıb. Həlledici oyunlar var. Müəyyən komandaların avrokubok talelərini həll edəcək bir neçə matç qalıb”.
O, VAR hakimlərinin hansı ölkədən olacağı ilə bağlı bu dəqiqə açıqlama verə bilmədiklərini söyləyib, O, hakimlərin adlarının turdan bir gün öncə açıqlana biləcəyini deyib.