Əsas sponsoru “Səbail”dən üz döndərib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi kluba əvvəlki kimi maliyyə yardımı etməyəcək.

Futbolinfo.az xəbər verir ki, bir neçə ildir kluba dəstək göstərən qurumun İdarə Heyətinin sədri Rauf Vəliyev zəif nəticələrdən təngə gəlib. Ötən mövsüm Premyer Liqanı tərk etməkdən son anda qurtulan, cari çempionatda isə yalnız 7-ci pillədə məskən salan komandanın uğursuzluğu belə qərar verilməsinə səbəb olub.

Rəhbərlik son iki mövsümdə xərclədiyi 15 milyon manatın qarşılığını görmədiyindən, kluba diqqəti azaldacağını bəyan edib. Belə ki, idarəçilərə və məşqçi heyətinə dövlət yardımından əlavə mövsüm ərzində yalnız bir milyon manat veriləcəyi çatdırılıb. Heyət məhz bu maliyyəyə uyğun qurulmalıdır. Üstəlik, klubun digər xərcləri də var ki, bu da legioner sayının azaldılmasına səbəb olacaq.

Vəliyevin qərarı anlaşılandır. Daha az büdcəli komandaların daha yüksək pillədə qərarlaşması “Səbail”də işlərin düzgün qurulmadığını göstərir. Dövlətin pulunu dağıtmaqdansa, klubun illərdir xərc çəkdiyi akademiyanın yetirmələrindən faydalanmağın vaxtıdır. Onsuz da bahalı əcnəbilərə xərclənən pullar 7-ci pillədən yuxarı qalxmağa kifayət etmir.

Shares: