Misli Premyer Liqasında 2023/24 mövsümü başa çatdı. Çempionun kimliyinə hələ 28-ci turda aydınlıq gəlmişdisə, avrokuboklara vəsiqə qazanan digər komandaların adları isə sezonun son turunda müəyyənləşdi. Qeydə alınan nəticələrdən sonra “Neftçi” ikinci pilləni tərk etməklə yanaşı, heç Konfrans Liqasına da vəsiqə qazana bilmədi.

“Neftçi”yə fiasko yaşadan sabiq “Neftçi”li

Sonuncu turun mərkəzi matçı paytaxtda keçirildi. Çempionatın son oyununa ikinci yerin sahibi kimi çıxan “Neftçi”nin avrokuboklardan kənarda qalacağı inandırıcı görünmürdü. “Ağ-qaralar” “Sabah”a qalib gələcəkləri təqdirdə, gümüş medallara sahib çıxacaqdılar. “Neftçi”nin avrokuboklara vəsiqə qazanması üçün isə heç-heçə də kifayət edirdi. “Flaqman”la müqayisədə “Sabah”a qələbə daha çox lazım idi.

Bunun fərqində olan “bayquşlar” ilk dəqiqələrdən hücuma atıldılar. İlk 15 dəqiqə tam olaraq qonaqların üstünlüyü şəraitində keçdi. Təsadüfi deyil ki, “Neftçi” cərimə meydançasından çıxmaqda çətinlik çəkirdi. Meydan sahiblərinin ilk hücumu isə 18-ci dəqiqəyə təsadüf etdi. Filip Ozobiçin cərimə meydançası daxilindən zərbəsi qapının üstündən keçdi. İlk hissədə üstün tərəf “Sabah” olsa da, “Neftçi”nin qapı və müdafiə xətti fasiləyədək hesabın açılmasına imkan vermədi.

İkinci yarıda da oyunun ssenarisi dəyişmədi. Yenə daha çox qonaqlar hücum edirdilər. Epizodların birində Kahim Parrisin zərbəsindən sonra “Neftçi”nin bəxti gətirdi, top qapının azacıq yanından keçdi. Dəqiqələr keçdikcə qələbə qazanmalı olan “Sabah” hücumlarının kəsərini bir qədər də artırırdı. Artıq qolun gəldiyi hiss olunurdu. Son dəqiqələrdə əvvəlcə “Neftçi” hesabı açmaya yaxın oldu. Kilan Lebonun cərimə meydançası həndəvərindən zərbəsini qapıçı Yusif İmanov əla reaksiya ilə dəf etdi. “Sabah”ın cavab hücumunda isə hesab açıldı. 87-ci dəqiqədə Namik Ələskərov sabiq komandasını cəzalandırdı. Vurulan qolda Parrisin fərdi reydi və Sofian Çaklanın assisti də rol oynadı. Paralel keçən digər matçlarda “Zirə” və “Sumqayıt” qələbə qazandığı üçün “Neftçi” 5-ci pilləyə yuvarlandı və fiasko yaşayaraq avrokuboklardan kənarda qaldı. “Sabah” isə Konfrans Liqasında oynamaq hüququ qazandı.

Avropa Liqasına yollanan gümüş medalçı – “Zirə”

“Neftçi”nin məğlubiyyətindən istifadə edən “Zirə” “Səbail” üzərində qələbə qazanmaqla gümüş medallara sahib çıxdı və Avropa Liqasına vəsiqə qazandı. “Qartallar” ilk hissədə rəqib qapısına yol tapa bilməsələr də, ikinci hissənin əvvəlində istəklərinə çatdılar. 57-ci dəqiqədə Rafael Utziqin ötürməsindən sonra kapitan Qismət Alıyevin zərbəsi dəqiq oldu. 70-ci dəqiqədə “Səbail”in futbolçusu Valdemar Almeyda simulyasiya etdiyinə görə ikinci sari vərəqəni alaraq meydandan uzaqlaşdırıldı. Rəqibin azlıqda qalması “Zirə”nin işini bir qədər də asanlaşdırdı. Qələbə hesabını sonadək qoruyan qəsəbə təmsilçisi xallarının sayını 58-ə yüksəltdi və mövsümü ikinci pillədə bitirdi.

Abasovun uğurlu əvəzetməsi və Konfrans Liqasına vəsiqə

Şənbə gününün digər qarşılaşması Sumqayıtda keçirildi. “Qəbələ” ilə oyunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu azarkeşlərlə tam dolmuşdu. 9300 tamaşaçının izlədiyi qarşılaşmada “Sumqayıt”ı qələbədən başqa heç bir nəticə qane etmirdi. Əks təqdirdə, “kimyaçılar” avrokuboklardan kənarda qala bilərdilər.

Meydan sahibləri ilk hissədə nə qədər çalışsalar da, hesabı aça bilmədilər. Fasilədə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunun taleyini həll edəcək dəyişikliyə əl atdı. O, Kamran Alievin əvəzinə Erik Sorqanı meydana buraxdı. 52-ci dəqiqədə hesab açıldı. Kornerin davamında məhz Sorqanın zərbəsindən sonra top “Qəbələ”nin müdafiəçisi Lukas Afrikoya dəyərək istiqamətini dəyişdi və qapıdan keçdi. Oyunda başqa qol olmadı və bu qələbə sayəsində “Sumqayıt” da Azərbaycanı Konfrans Liqasında təmsil etmək hüququ qazandı.

Qərb derbisində tək qol

Turun bazar günü baş tutan görüşlərindən biri Qərb derbisi ilə yadda qaldı. Mövsümü 6-cı pillədə bitirəcəyi dəqiqləşən “Turan Tovuz” tarixi rəqibi “Kəpəz”lə oyundan 3 xalla ayrılmaq istəyirdi. Öz növbəsində Gəncə təmsilçisi də 8-ci pillədə qalmaq üçün uğurlu nəticəyə ümid edirdi.

Turun əvvəlki 3 oyunu kimi, bu görüşün də taleyini 1 qol həll etdi. Tovuzlular 25-ci dəqiqədə hesabı açmaq üçün yaxşı fürsət qazandılar. Ancaq “Kəpəz”in qapısına təyin olunan penaltini Luis Paçu dəqiq tamamlaya bilmədi. Onun zərbəsini gəncəlilərin portuqaliyalı qolkiperi İqor Rodriqes dəf etməyi bacardı. “Turan Tovuz” ilk hissədə rəqibdən açıq-aşkar üstün oyun nümayiş etdirsə də, fasiləyədək “Kəpəz”in qapı və müdafiə xətti etibarlı oynayaraq hesabın açılmasına imkan vermədi.

Meydan sahiblərinin çalışdırıcısı Ayxan Abbasov ikinci hissədə heyətdə dəyişikliklər etdi. O, əvvəlcə Aleks Souzanı, bir qədər sonra isə Otto Conu meydana buraxdı. Bu əvəzetmələr özünü doğrultdu. “Turan Tovuz” axtardığı qələbə qolunu 74-cü dəqiqədə tapdı. Qolun müəllifi və məhsuldar ötürmə sahibi isə məhz ikinci hissədə meydana daxil olan futbolçular oldu. Belə ki, Aleks Souzanın hava ötürməsindən sonra Otto Con dəqiq baş zərbəsi ilə toru silkələdi. Beləliklə, Qərb derbisində qələbə qazanan “Turan Tovuz” mövsümü 48 xalla 6-cı pillədə bitirdi. “Kəpəz” isə 8-ci pillədə qala bilmədi, 9-cu yerə düşdü.

“Araz-Naxçıvan” “Kəpəz”i qabaqladı

Gəncə klubunu yerindən edən “Araz-Naxçıvan” oldu. Turun və çempionatın son matçında “Qarabağ”ın qonağı olan Naxçıvan təmsilçisi sürpriz nəticəyə imza atmağı bacardı. Artıq 3-cü dəqiqədə oyunda hesab açıldı. Ağdam klubunun qapıçısı Andrey Lunyov kobud səhvə yol verdi. O, komanda yoldaşının ötürməsindən sonra topu saxlaya bilmədi və fürsətdən istifadə edən Elvis Maşike boş qapını nişan almaqda çətinlik çəkmədi.

Buraxılan erkən və kuryoz qola baxmayaraq, “Qarabağ” fasiləyə hesabda üstün yollanmağı bacardı. Əvvəlcə 28-ci dəqiqədə Ağdam klubunun “qol maşını” Olavio Juninyo adını tabloya yazdırdı. O, Abdullah Zubirin əla ötürməsindən sonra sol ayağı ilə qapının uzaq küncünü dəqiq nişan aldı. Bu, braziliyalı forvardın ən sərrast oyunçusu olduğu Misli Premyer Liqasında 20-ci qolu idi. Ardınca isə “Qarabağ”ın hücumu zamanı Juninyonu qabaqlamaq və topu uzaqlaşdırmaq istəyən Vadim Abdullayev avtoqol müəllifi oldu.

Fasilədən sonra “Qarabağ”ın növbəti qollarını vuracağı gözlənilsə də, bu, baş vermədi. Əvəzində “Araz-Naxçıvan” hesaba tarazlıq gətirməyi bacardı. İlk hissədə avtoqolla yadda qalan Vadim Abdullayev əla ötürmə ilə “günahını yudu”. Onun assistini isə hücuma qoşulmuş Abdulla Rzayev dəqiq zərbə ilə tamamladı.

“Qarabağ” mövsümü qələbə ilə başa çatdırmaq üçün son dəqiqələri də hücumda keçirdi. 74-cü dəqiqədə Qurban Qurbanovun komandası penalti vurmaq hüququ qazandı. Ancaq ağdamlılar ələ düşən fürsətdən yararlana bilmədilər. Adama Diakabinin zərbəsindən sonra top qapının üstündən keçdi. Nəticədə çempion mövsümün son oyununda 1 xalla kifayətləndi. “Qarabağ” sezonu ən yaxın izləyiciləri olan “Zirə” və “Sabah”dan 25 xal öndə bitirdi. Son oyunda qazandığı 1 xal “Araz-Naxçıvan”ın isə turnir cədvəlində “Kəpəz”i qabaqlayıb mövsümü 8-ci pillədə bitirməsi üçün yetərli oldu.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp