Canni de Byazinin gedişindən sonra hələ də baş məşqçisiz qalan milli FİFA-nın müəyyənləşdirdiyi ikinci təqvim dönəmində “başsız atlı” kimi döyüşə atılacaq. Bakıda Monqolustan və Bolqarıstanla oyunlardan sonra bu dəfə Macarıstanda öz məharətimizi göstərməyə çalışacağıq.

Təbii ki, başsız olsaq da, ürəksiz deyilik. Mərkəzi Avropa ölkəsində ürək funksiyasını Arif Əsədov həyata keçirməyə çalışacaq. Onun nə dərəcədə güclü döyünəcəyini söyləyə bilməsək də, budəfəki rəqiblərimiz daha iddialı komandalardır. Söhbət qarşıdakı Avropa çempionatının iştirakçısı Albaniya və son ana qədər qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanmağa iddialı olan Qazaxıstan yığmalarından gedir.

Əlbəttə, yoldaşlıq görüşləri olduğundan, rəqiblərə elə də önəm verməyə ehtiyac yoxdur. Belə oyunlarda məşqçilər adətən rəqibi təhlil etmir. Əsas komandanı formada saxlamaq və yeni taktiki gedişləri sınaqdan keçirməkdir. Bizdə baş məşqçi olmadığından, Əsədovun nəyisə sınaqdan keçirmək istəyi də absurd görünə bilər. Çünki milli ona təhvil verilməyəcək. Gələcək vəd etməyən taktikanı sınamaq isə sadəlövhlükdür. Məşqçi indiki vəziyyətdə sadəcə, oyunçular arasında anlaşma və qələbə ruhunu formalaşdırmaq üçün heyəti döyüşə atacaq. İddialı rəqiblə oyunda isə nə dərəcədə çətinliyə hazır olduğumuzu görmək pis olmazdı. Hər halda, İspaniya, İtaliya və Xorvatiya kimi nəhənglərlə bir qrupda mübarizə aparacaq albanların işi orada nə qədər çətin olacaqsa, bizim də onlarla döyüşümüz asan keçməyəcək. Son 8 ildə iki dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan komandadan danışırıq.

İlk dəfə 2016-cı ildə noyabrda millimizi tərk edən Canni de Byazi onlara bu sevinci yaşatmışdısa, indi “Arsenal” və “Barselona”nın ünlü cinah müdafiəçilərindən biri olan Silvinyo qəhrəmana çevrilib. Braziliya millisinin sabiq oyunçusu həm məşqçi kimi özünü sübut etmək üçün təcrübədən üzüağ çıxdı, həm də albanların sevimlisinə çevrildi. Təbii ki, bu komanda onun üçün labirint olduğundan, o, gələcək karyerasında daha iddialı yerlərdə işləmək istəyir. Həm də hələ cavandır. De Byazi qüruba doğru addımladığına görə Azərbaycana gəldi, Silvinyonu isə buralarda gözləməyə dəyməz.

Əlbəttə, belə məqamda de Byazi ilə Silvinyonun komandalarını müqayisə etməyə ehtiyac yoxdur.  Hər iki komanda layiqli şəkildə final mərhələsinə vəsiqə qazanıb. Amma “illah” ki, seçim etməli olsaq, bu komandanın heyətinin daha sanballı olduğunu söyləməliyik. Çünki həmin heyətdə Albaniya çempionatından iki oyunçu var idisə, Silvinyo işlədiyi ölkənin komandalarından heç kimə dəvət göndərməyib. Bu da o deməkdir ki, albanlar artıq milliyə düşmək üçün kənara qaçırlar. Bu da onların futbolunun inkişafından xəbər verir. O vaxt kapitanları Azərbaycan çempionatında çıxış edən Ansi Aqolli idisə, indiki kapitan “Atalanta” ilə Avropa Liqasını qazanan müdafiəçi Berat Cimsitidir.

O ki qaldı bizimlə qarşıdakı görüşün mümkün təhlilinə, Silvinyonun kimlərə üstünlük verəcəyini müəyyənləşdirmək çox çətindir. Rəqibin baş məşqçisi bazar ertəsi Lixtenşteynlə görüşdə şans vermədiyi futbolçulara da, ya da anlaşmanın daha da yüksək səviyyədə olması və ya qələbə ruhunun qorunması üçün aşağı-yuxarı eyni “11-liy”ə də güvənə bilər. Konkret Lixtenşteyn seçməsini hansı heyətlə məğlub etmələrindən və ya necə mübarizə aparmalarından danışmalı olsaq, bəzi qeydlərimizi nəzərinizə çatdıra bilərik.

Bazar ertəsi “cırtdanlar”la oyunda qapılarını “Empoli”nin qolkiperi Etrat Berişa qoruyub. O, Berişa ki, son 10 ildə İtaliya çempionatında seçilən əlcək sahiblərindən sayılır. Hər halda, biz vaxtilə “Latsio” və “Atalanta”nın vazkeçilməz “çərçivə” qoruyucusundan danışırıq.

Adətən 4-3-3 taktikasına üstünlük verən albanlar Lixtenşteynlə görüşdə də bu sistemə sadiq qaldılar. Həmin oyunda sağ cinahda “Rayo Valyekano”dan İvan Balliu, sol cinahda isə Moskva “Lokomotiv”indən Mario Mitay mübarizə aparırdı. Balliu ümumiyyətlə yüksək səviyyəli sağ cinah müdafiəçisidir. Bu mövsüm “Rayo”nun heyətində 33 görüşdə meydana çıxıb. Mitay da “Lokomotiv”də etibarlı oynayır və  bu mövsüm 35 görüşdə oyunda görünüb. Amma hər ikisindən üstün biri də var ki, o da “Latsio”da çıxış edən Elseid Hüsaydır. Komandanın vitse-kapitanı olan sabiq “Napoli”ni təqdim etməyə ehtiyac yoxdur.

Mərkəz müdafiəçiləri isə “Empoli”dən Adrian İsmaili ilə “ÇFR Kluj”dan Arlind Ayetidir. Hər ikisi karyerasının pik dövrünü yaşasa da, “keçilməz divar” deyillər. Onların əvəzləyiciləri isə Portuqaliyanın “Familikao” klubundan Enea Mihayla “Sassuolo”dan Maraş Kambulladır. Necə deyərlər, belə də – cinahlarla müqayisədə mərkəzdə problemləri var.

Yarımmüdafiə xəttlərinə gəlincə, burada dinamik oyunçuları görmək olar.  Bu mənada “İnter”in tapıntılarından olan Kristian Aslanini fərqləndirmək gərəkdir. Elə “Sassuolo”dakı Nedim Bayrami də “az aşın duzu” deyil. Bu iki kreativ oyunçu Albaniya millisinin Avropa çempionatında əsas ümidləridir. Dayaq yarımmüdafiəçisi Klaus Qyasula da aktiv oyunçulardandır. Almaniya futbolunun 34 yaşlı yetirməsi karyerası boyunca “Hamburq”dan başqa böyük klublarda oynamasa da, döyüşkənliyi ilə seçilir.

Albaniya millisinin hücum potensialı da yetərincə yüksəkdir. Doğrudur, burada adlarına rast gəldiyimiz futbolçular arasında böyük klub oyunçuları yoxdur. Amma öz klublarında, lap elə millinin özündə də yüksək məhsuldarlıq nümayiş etdirənlər var. Məsələn, “Barselona” və “İnter” kimi komandalarda püxtələşən və hazırda “Sivasspor”un döyünən ürəyi olan Rey Manaydan danışa bilərik. Bizimlə görüşdə meydana çıxsa, bir dəqiqə də göz önündən buraxmamalıyıq.  Adam həm cərimə zərbələrinin mükəmməl ifaçısı, həm başla əla oynayan, həm qol duyumu yüksək olan hücumçudur. Driblinqləri belə göz oxşayır.

Türkiyə çempionatında çıxış edən hücumçulardan biri də “Beşiktaş”ın aparıcı üzvü Ernest Muçidir. O Muçi ki, Mahir Emreli ilə birgə “Legiya”nın avtobusunda hücuma məruz qaldıqdan sonra küsüb getmədi. Əvəzində zamanını gözləyib “Beşiktaş”a keçib liderlərdən birinə çevrildi, Mahir isə Zaqrebdə ehtiyatda gecələdi. İndi Muçinin nə qədər müştərisi var, Mahir isə hələ də axtarır. Nə isə Muçini bizimlə görüşdə izləmək imkanımız olacaq. Amma müdafiəçilərimiz onu sadəcə izləməməli, həm də tədbirlər görməlidir.

Koreyanın “Qvanqju” klubunda çıxış edən, Şimali Makedoniyada doğulan və həmin ölkənin məktəbinin yetirməsi olan Yasir Asani də təhlükəli sağ cinah hücumçularındandır. İngiltərədə doğulan, “Çelsi”yə məxsus olan və son mövsümdə “Fulhem”də çıxış edən 22 yaşlı mərkəz hücumçusu Armando Broxanı Premyer Liqa həvəskarları yaxşı tanıyır.

Bir sözlə, albanların hücum xətti bizə problemlər yaşada bilər. Xüsusən də standart vəziyyətlərdən ehtiyat etməliyik. Lixtenşteyn millisi ilə oyunda dərhal standart vəziyyətdən başlayıb Broxa ilə qol vurdular, Asani uzaq məsafədən cərimə zərbəsindən fərqləndi… Ciddi siqnaldır. İşimiz çətin olacaq…

FƏRİD

Azərbaycan – Albaniya oyunları tarixdə…

08.02.2000. Ta Qali. Beynəlxalq turnir. Albaniya – Azərbaycan 1:0

27.03.2002. Tirana. Yoldaşlıq oyunu. Albaniya – Azərbaycan 1:0

17.08.2005. Tirana. Yoldaşlıq oyunu. Albaniya – Azərbaycan 2:1

19.11.2008. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Albaniya 1:1

11.11.2011. Tirana. Yoldaşlıq oyunu. Albaniya – Azərbaycan 0:1

Böyük turnirlərə hazırlaşan yığmaların final mərhələsi ərəfəsində millimizlə yoldaşlıq oyunları

9 aprel 1996. Bakı. Azərbaycan – Türkiyə 0:1

6 iyun 2004. Riqa. Latviya – Azərbaycan 2:2

28 fevral 2006. Bakı. Azərbaycan – Ukrayna 0:0

2 iyun 2010. Zell am See. Honduras – Azərbaycan 0:0

28 may 2014. San-Fransisko. ABŞ – Azərbaycan 2:0

Bu material “Misli”nin dəstəyi ilə hazırlanıb

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp