“Valensiya”nın üç azarkeşi Madrid “Real”ının futbolçusu Vinisius Junioru irqi zəmində təhqir etdiyi üçün 8 aylıq həbs cəzası alıb. Həmçinin, azarkeşlərə iki il müddətinə futbol matçlarına gəlmək qadağan edilib. Məhkum olanlar bütün məhkəmə xərclərini də ödəməli olacaqlar.
“Bu qərar İspaniyada irqçiliyə qarşı mübarizə üçün əla xəbərdir, çünki o, Vinisiusa dəymiş ziyanı aradan qaldırır və insanları təhqir etmək üçün stadiona gedən insanlara açıq mesaj göndərir”, – deyə La Liqa prezidenti Xavyer Tebas deyib.
Xatırladaq ki, hadisə La Liqanın 2022/23 mövsümünün 35-ci turunda baş vermişdi. Həmin oyunda “Real” “Valensiya”ya 0:1 hesabı ilə məğlub olmuşdu. Matç zamanı Vinisius azarkeşlər tərəfindən dəfələrlə irqçi təhqirlərə məruz qalmışdı. Bu səbəbdən görüş ikinci hissədə yarımçıq dayandırılmışdı.
Oyundan sonra braziliyalı La Liqa rəhbərliyini tənqid atəşinə tutmuş, “Real” isə futbolçusunu təhqir etməklə bağlı prokurorluğa şikayət etmişdi.