Milli komandamızın baş məşqçi postu boş qaldıqca ora təyinat alacağı deyilənlərin də sayı artır. Az qala hər həftə hansısa əcnəbi çalışdırıcının Canni de Byazinin xələfi olacağı yazılır.

Futbolinfo.az xəbər verir ki, son olaraq İqor Angelovski ilə bağlı informasiyalar gündəmə gəlib. Millimizin Qazaxıstanla Macarıstandakı yoxlama oyununu canlı izləməsi makedoniyalının təyinatı ehtimalını yaradıb.

Lakin əldə etdiyimiz məlumata görə, Angelovski matçı AFFA-nın dəvəti ilə izləməyib. Ümumiyyətlə, onun milli komandamızın baş məşqçi postuna namizədliyi müzakirə olunmur.

Şimali Makedoniyadan olan çalışdırıcı 2020-ci ildə ölkəsinin millisini tarixində ilk dəfə Avropa çempionatına aparması ilə yadda qalıb. 48 yaşlı mütəxəssis millidən başqa vətənində “Rabotniçki”, Xorvatiyada “Gorica” və Qazaxıstanda “Kaspi” klublarını çalışdırıb. O, bir ildir işsizdir.

Shares: