AFFA Hakimlər Komitəsinin yeni sədri hələ də müəyyənləşməyib. Barış Şimşəklə müqavilənin yenilənməməsindən sonra vakant qalan posta təyinat edilməyib.
Futbolinfo.az xəbər verir ki, uzun müddətdir bu vəzifəyə əcnəbi mütəxəssis axtarılır. Yeni mövsüm yaxınlaşır, klublar hazırlığa start verib, çempionatın yükünü çəkəcək ədalət təmsilçilərinin taleyi isə bəlli deyil. Heç bir hazırlıq keçməyən hakimlərin sabah yenidən qalmaqalların səbəbkarı olacağı şübhəsizdir.
Bəs, komitə sədri nə vaxt müəyyənləşəcək? Hakimlərin təlim-məşq toplanışı olacaqmı? Bu sualları AFFA rəhbərliyinə ünvanadıq, cavab isə qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlidən gəldi: “Hakimlər Komitəsinin sədri ilə bağlı danışıqlar davam gedir. Hazırda danışıqlar prosesi olduğu üçün hər hansı ad açıqlamaq doğru olmazdı. Yaxın vaxtlarda Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinat olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Məmmədlinin dediyinə görə, hakimlərin hazırlığı və s. məsələlər komitəyə təyinatdan sonra dəqiqləşəcək.