Dünən daha bir Avropa çempionatı başa çatdı. İspaniya millisi bu turnirin sahibi olduğunu bir daha sübuta yetirdi.
Əvvəllər futbol ekspertlərinin bir fikri var idi: Avropa çempionatında titul qazanmaq mundialda çempion olmaqdan çətindir. Həqiqətən də, əvvəlki yarışlar haqqında bunu söyləmək olar. Xüsusilə də 70-ci illərdən əsrin sonuna qədər keçirilən Avropa çempionatlarında bu fikrin doğruluğunu görürük. Fransanın 1984, Hollandiyanın 1988-ci ildəki çempionluğu dünya çempionatında qələbəyə dəyər. O komandaların heyətinə baxdıqda həmin ərəfədə dünya çempionu olan yığmaların futbolçularının əksəriyyəti cılız görünür. Nə 1986-cı il Argentinasının heyəti, nə də 1990-cı ilin Almaniya millisinin heyəti ümumn götürəndə fransızlar və hollandlardan üstün deyil.
Əslində bu fikri, bəlkə də o zamana qədər dünya çempionu ola bilməyən fransızlar və hollandlar ortaya atıb. Amma bu fikirlərdə müəyyən qədər həqiqət də var. 8 komandanın iştirak etdiyi o zamankı Avropa çempionatı həqiqəqətn də dünya çempionatına dəyərdi. Qitənin o vaxtkı turnirləri sanki dünya çempionatının həlledici mərhələsi idi.
Bunları söyləməkdə məqsəd Avropa çempionatında iştirak edən ölkələrin sayının artırılmasının ziyanını göstərməkdir. Doğrudur, rəngarəng azarkeşlərin mövcudluğu qitə birinciliyinin kefini bir qədər artırır. Turnirin Almaniyada keçirilməsi də buna müəyyən qədər kömək edib. Məlum olduğu kimi , bu ölkə Avropada miqrantlara qucaq açan ən əsas dövlətdir. Məhz bu amil tribunalarda gözəl görüntülərin mövcudluğuna şərait yaratdı. Həmçinin logistik problemlərin yüngüllüyü də öz təsirini göstərdi.
O ki qaldı futbolun özünə, burada qorxulu məqamların üzə çıxdığına şahidlik edə bilərik. Məhz ötən əsrin 90-cı illərində virus kimi yenidən futbolu xəstələndirməyə çalışan müdafiə taktikasını gördük. Belə viruslar tez-tez olub. Amma bir var hücum etməyi bacarmayıb məcburiyyətdən belə oynayan Yunanıstan, bir də var azarkeşləri təhqir edən Fransa və İngiltərə yığmaları. Hər iki komandanın heyəti ulduzlardan və hücumameylli istedadlardan ibarət olsa da, onların ifasında ancaq antifutbolu müşahidə etmək mümkün oldu. Fransada problem daxili ab-hava, İngiltərədə isə Keynin məqşçi variantı olan Sautqeytdir. Hesabda geridə olarkən oynadığı futbolla ingilislərin nəyə qadir olduqlarını dəfələrlə görmək mümkün oldu. Təəssüf ki, Sautqeyt 1994-cü ildə Pereyranın Braziliyaya yeritdiyi taktikadan savayısını bacarmır.
Finalın da ilk dəqiqələrindən ingilislərin taktikası bəlli idi. Yazıq Foden sırf müdafiəçi kimi oynayırdı. Burada çoxları təəccüblənsə də, əslində, belə idi. Fodenin əsas funksiyası yaradıcı bacarığını nümayiş etdirmək deyil, Rodrini oyundan qoparmaq idi. Bütün birinci hissədə ancaq bunu müşahidə etmək oalrdı. Rodri hara gedirdisə, klub yoldaşı da onun arxasınca qaçırdı. Hətta məcburiyyətdən cinahlara çəkildiyi anlarda elə Rodri yanında Fodeni görürdü. Bu baxımdan yarımmüdafiçənin zədələnməsi müəyyən mənada ingilisləri çaşdıran amillərdən oldu.
İkinci hissədə Rodrini görmədikdə, İngiltərə millisi məsələni anlayana qədər ispanlar qol vurdular. Ardınca isə Sautqeytin çətin vaxtlarda etdiyi dəyişiklikləri gördük. Əslində, bununla da nəyəsə nail olmaq çətin idi. İspanlar fürstdın istifadə edib məsələni həll etməli idilər. Səhnəyə çıxan isə yenə də Palmer oldu. Sautqeyt tərəfindən çərçivəyə salınan istedadlı futbolçunun qolundan sonra ingilislər görmədikləri vəziyyətə düşdülər. Ya baş bəşqçi yeni əvəzetmələrlə əvvəlki strategiyasına qayıtmalı idi, ya da risk edib ispanlarla açıq futbolu davam etdirməliydi. Qarşılıqlı hücum futbolunu isə bu mütəxəssisin komandası oynamağı bacarmır. Bunun da bir səbəbi var – İngiltərədə yeni futbolçu nəsli yetişib, amma hələ də baş məşqçilərin əksəriyyəti reqbi düşüncəsindədir. Bunu aradan qaldırmaq üçün əvvəlki ingilis futbolunu görməyən çox gənc məşqçilərə ehtiyac var.
İLQAR AĞAYEV