“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Dunayska Streda”nın bu ay “Banik Ostrava”dan icarəyə götürdüyü sabiq futbolçusu Ladislav Almasi seçimini əsaslandırıb.

Futbolinfo.az saytı xəbər verir ki, 25 yaşlı hücumçu avrokuboklardakı mübarizənin qərarında həlledici rol oynadığını bildirib: “Dunayska Streda” qışda olduğu kimi, yay fasiləsində də mənə təklif göndərdi. Komandanın avrokuboklarda iştirak etməsi qərarımda böyük rol oynadı. Məhz Konfrans Liqasındakı mübarizəyə görə təklifi qəbul etməyi daha məntiqli gördüm. Bu turnirin qrup mərhələsinə düşməyi hədəfləmişik. Düzdür, asan olmayacaq. Bunun üçün yüksək səviyyəli rəqiblərə qalib gəlməliyik. Onlarla görüşlərdə isə bir az bəxt lazımdır”.

Qeyd edək ki, “Zirə” “Dunayska Streda” ilə ilk oyununu iyulun 25-də evdə, cavab görüşünü isə avqustun 1-də səfərdə keçirəcək.

Shares: