“Neftçi”nin maraq dairəsində olan “Styaua”nın futbolçusu Siyabonqa Nqezana transfer xəbərlərinə münasibət bildirib.

Futbolinfo.az Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi gələcək taleyinin hələ də qeyri-müəyyən olduğunu etiraf edib.

Cənubi Afrika millisinin üzvü “Styaua”da bir şərtlə qala biləcəyini açıqlayıb. O, Çempionlar Liqasının qrupuna qədər irəliləyəcəkləri təqdirdə Rumıniya komandasında qalmağa razı olacağını gizlətməyib: “Hadisələrin necə inkişaf etdiyini görəcəyik. Çünki özüm də gələcəyimdən əmin deyiləm. Hər an hər şey ola bilər. Amma yenə də komandada qalacağamsa, Çempionlar Liqasında oynamaq gözəl olar. O ki qaldı haqqımda çıxan transfer xəbərlərinə, hazırda proseslərin nə yerdə olduğunu bilmirəm”.

Qeyd edək ki, “Styaua” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə mübarizə aparır. Siyabonqa Nqezananın klubla müqavilə müddəti isə 2027-ci ilin yayına qədərdir.

Shares: