Abdullahi Şuaybu yenidən Azərbaycandadır. Nigeriyalı hücumçu “Qəbələ” ilə müqavilə bağlamaq üçün gəlib. I Liqaya enən bölgə komandası onu heyətinə qatmaq niyyətindədir.

Vaxtilə “Kəpəz”də özünü yaxşı tərəfdən göstərən futbolçunun gediş səbəbi hamıya bəllidir. Gəncəlilər Hepatit B virusunun daşıyıcısı olduğu aşkarlanan Şuaybunu yola salmağa məcbur qalmışdı. Futbolçunun rusiyalı sabiq meneceri Dmitri Selyukun açıqlamasından sonra Abdullahinin gedişi qaçılmaz olmuşdu. Çünki o, nigeriyalının sağlamlıq testindən keçərkən analizlərin nəticəsini dəyişdirdiyini və səhhəti ilə bağlı saxta sənəd təqdim etdiyini ifşa etmişdi.

Belə futbolçuların adı siyahıya (sistemə) düşür və onların yenidən eyni ölkədə oynaması mümkünsüzdür. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, belə şəxslərə ölkədə yaşamaq icazəsi verilmir. “Qəbələ”nin bunu necə bacaracağı çox maraqlıdır. Real təhlükə mənbəyi olan birini kollektivin içinə salmaq hansı maraqdan irəli gəlir?

Şuaybu bu ilin yanvarında rəsmən “Kəpəz”dən ayrılıb və ötən müddətdə kimsə ona yeni şans verməyib. Hücumçu kimi istedadına şübhə yoxdur, lakin işsiz qalıbsa, deməli…

Xatırladaq ki, yaxınlarda eyni problemi olan başqa bir futbolçu ölkədən göndərildi. “Şamaxı” müqavilə bağladığı Lubeni Haukonqo ilə anlaşmanı ləğv etməli oldu. Rəsmən açıqlanmasa da, Namibiya millisinin üzvü məhz bu səbədən ölkədə yaşamaq icazəsi ala bilmədi və klub rəhbərliyi onunla müqaviləyə qüvvəyə minmədən xitam verdi.

Shares: