“Səbail” klubunun yarımmüdafiəçisi Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– Mövsümlərarası fasilədə “Səbail”ə qoşulan yeni futbolçulardan biri də siz oldunuz. Yeni komandanıza tam uyğunlaşa bilmisiniz?

– Demək olar ki, uyğunlaşmışam. Çox gözəl kollektivimiz var. Komandada hər kəs bir-birinə qarşı mehriban münasibət göstərir. İnşallah, birlikdə uğurlu mövsüm keçirərik.

– Karyeranızda bir dəfə “Kəpəz”də qardaşınız Yusif Nəbiyevlə komanda yoldaşı olmuşdunuz, indi ikinci dəfə eyni komandada yer almısınız. Bu, necə hissdir? Məşqlərdə bir-birinizə qarşı sərt oynayırsınız?

– Təbii ki, qardaşımla bir yerdə oynamaq xoş hissdir. Amma peşəkar futbolçularıq, meydançada nə lazımdırsa, onu da edirik. Məşqlərdə, ayrı-ayrı komandalarda oynayanda isə meydanda da lazım olanda bir-birimizə qarşı sərt oynadığımız anlar olub (gülür).

– Yeni mövsümə hazırlıq prosesi necə keçdi? Həm Bakıda, həm də Türkiyədə toplanışda oldunuz. Komanda yeni sezona tam hazırdırmı?

– Təlim-məşq toplanışı çox yaxşı keçdi. Həm Bakı, həm də Türkiyə hazırlığında əlimizdən gələni etdik. Çalışdıq ki, baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirək.

– Bu həftə Misli Premyer Liqası start götürür. 2024/25 mövsümünün ilk turunda “Zirə”nin qonağı olacaqsınız. Bu oyunda hansı nəticəyə ümid edirsiniz?

– Yeni mövsüm başlayır deyə, çox sevincliyik. Premyer Liqanın ilk oyunları hər zaman çətin keçir. Çalışacağıq ki, “Zirə”yə qarşı yaxşı oyun göstərək və meydandan layiqli nəticə ilə ayrılaq.

– “Səbail” heyətində ən çox dəyişiklik baş vermiş komandalardan biridir. Bunu nəzərə alsaq, yeni mövsümdə işiniz çətin olmayacaq? Qarşınıza hansı hədəf qoyulub?

– Düşünürəm ki, çox yaxşı komandamız var. Düzdür, heyətdə dəyişikliklər baş verib, mən özüm də yeni oyunçuyam. Amma bu proses digər komandalarda da gedib. Yeni gələnlər də, ötən mövsümü “Səbail”də keçirmiş futbolçular da meydanda əllərindən gələni etməyə hazırdırlar. Birlikdə yaxşı nəticəyə imza ata bilərik.

– Baş məşqçi Şahin Diniyev sizə böyük ümidlər bəsləyir. Onun etimadını doğrulda biləcəksiniz?

– Təbii ki, “Səbail”ə elə-belə yox, komandaya kömək etmək üçün gəlmişəm. “Səbail”ə xeyir vermək, baş məşqçinin mənə olan etimadını doğrultmaq üçün əlimdən gələni artıqlaması ilə edəcəyəm.

CAVAD

Shares: