Bir həftə öncə nüfuzlu, zəngin avrokubok təcrübəsi olan “Makkabi”ni səfərdə 3:0 hesabı ilə məğlub edən “Sabah” üçün Bakıdakı cavab matçının daha ağır keçəcəyi gözlənilən idi. Ancaq bu qədərini kimsə təsəvvür etmirdi.
Hayfalıların baş məşqçisi Barak Baharın oyundan əvvəl “biz çətinliklərin öhdəsindən gəlməyi bacaran komandayıq” fikri az qala təsdiqini tapacaqdı. Yaxşı ki, lotereya adlandırılan penaltilər seriyası bizim üçün xoşbəxt sonluqla nəticələndi.
“Sabah”ın səfərdəki sensasion qələbəsi, rəqibin nüfuzu və avrokuboklara olan maraq azarkeşləri Masazıra çəkmişdi. Matça 8 minə yaxın insanın stadiondan baxması oyuna əlavə rəng qatmış, möhtəşəm atmosfer yaratmışdı.
Məlum məsələ idi ki, acıqlı qonaqlar ilk dəqiqələrdən yüksək temp təklif edəcəklər. Əsas məsələ xüsusən ilk 20-25 dəqiqə ərzində təzyiqə dözmək idi. Ancaq “Sabah”ın müdafiə xətti bunu bacarmadı. Ümumiyyətlə, dünənki dramatik görüş “bayquşlar”ın müdafiə xəttində problemlərin olduğunu üzə çıxartdı.
17-ci dəqiqədə qonaqların futbolçusu Haziza hesabı açanda Masazırda həyəcan təbili çalındı. Hər kəs tezliklə ikinci qolu buraxacağımızdan ehtiyat etməyə başladı. Ancaq “Sabah” fasiləyədək tablodakı rəqəmlərin dəyişməsinə imkan vermədi və xofu üzərimizdən bir neçə dəqiqəlik ata bildik.
İkinci hissə bizim üçün əla başladı. Parrisin ağıllı ötürməsindən sonra Şafranko ayağının içi ilə topu qapıdan keçirdi. İlk oyunda da fərqlənmiş Şafranko bu qolla böyük potensiala malik olduğunu bir daha təsdiqlədi.
Artıq təhlükənin tam sovuşduğunu düşünməyə başlamışdıq ki, “Sabah”ın müdafiə xətti uşaq səhvi buraxdı. 67-ci dəqiqədə Pierrot müdafiəçiləri qabaqlayaraq sinəsi ilə topu qapıdan keçirdi. Bundan 3 dəqiqə sonra isə “Sabah”ın qapıçı və müdafiəçiləri bir-birlərini başa düşmədilər, ara qarışdı, məzhəb itdi. Qarışıqlıqdan məharətlə istifadə edən Şimiç isə “Makkabi”ni ümidləndirdi.
Xoşbəxtlikdən, İsrail klubunun həmin məqamda psixoloji üstünlüyü cəmi 1 dəqiqə çəkdi. Topu rəqib müdafiəçidən oğurlayan Parris soyuqqanlı zərbə ilə qonaqları məyus etdi. Dəqiqələr artıq 71-i göstərirdi və bundan sonra “Makkabi”nin yenidən vəziyyəti dəyişə biləcəyi çox da ehtimal edilmirdi. Lakin hayfalılar sanki bizə triller yaşadacaqlarına söz vermişdilər. Yenicə nəfəsimizi dərmək istəyirdik ki, oyuna sonradan çıxan Refaelov səhnəyə çıxdı və dəqiq zərbə ilə “Bank Respublika Arena”nı sükuta qərq etdi.
Ümumi hesabdakı üstünlüyümüz davam edirdi və “Sabah”dan matçın sonunadək ən azı bu hesabı qorumaq tələb olunurdu. Lakin 90 dəqiqənin tamamında “Makkabi” Bakıda 5-ci qolu vurdu. Pierrot sol cinahdan ötürmə zamanı “Sabah”ın müdafiəçisi Sofian Çaklanı qabaqlayaraq, toru silkələdi. Bu qoldan sonra dalağımız sancmadı desək, yalan olar.
Dramatik görüşün əsas vaxtı kimi, əlavə 30 dəqiqəsi də dramatik alındı. 103-cü dəqiqədə gənc futbolçu Xəyal Əliyevin əla ötürməsindən sonra Mikels dəqiq zərbə ilə topu qapıçının ayaqları arasından tora qovuşdurdu. Amma sevincimiz yenə qursağımızda qaldı və 112-ci dəqiqədə “Makkabi” Davidin başla qolu sayəsində ümumi hesabı 6:6 edərək, mübarizəni penaltilər seriyasına daşıdı.
90 dəqiqə ərzində öldük-dirildik. Əlavə 30 dəqiqədə də gah sevindik, gah məyus olduq. Trillerin sonu da eyni cür alındı. İlk penaltiləri hər iki komanda dəqiq yerinə yetirdi. “Makkabi”nin ikinci həmləsi də dəqiq olduğu halda, “Sabah”da Mikelsin zərbəsi qapı tirinə tuş gəldi. Yenə bir anlıq “bitdi” deyə düşünməyə başlasaq da, bu dəfə Yusif İmanov oyunu çevirdi. O, sabiq “Neftçi”li Kenni Sayefin zərbəsinin istiqamətini düz tapdı və əla sıçrayışla qola imkan vermədi. Bundan sonra hər şey “Sabah”ın istədiyi kimi getdi. Əvvəlcə Xəyal Əliyev 11 metrlik zərbəni səhvsiz yerinə yetirərək, penaltilər seriyasında hesabı bərabərləşdirdi. “Makkabi”nin son 2 penaltisi qeyri-dəqiq alındı. Nəticədə “Sabah”dan İvan Lepinitsanın dəqiq zərbəsi növbəti mərhələyə adlamaq üçün yetərli oldu və bakılıların 5-ci penaltisinə ehtiyac qalmadı.
Ağır oyunun, bitmək bilməyən gecənin sonunda sevinən tərəf biz olduq. Lakin dünənki qarşılaşma baş məşqçi Krunoslav Renduliçin “Sabah”da hələ çox iş görməli olduğunu üzə çıxartdı. Xüsusən, müdafiə xəttinin çıxışı bərbad idi. Buraxılan bütün qollarda müdafiəçilərin kobud səhvləri var. Mütləq bunun üzərində işlənilməli, çatışmazlıqlar aradan qaldırılmalıdır. Əlbəttə ki, “Sabah”ın güclü “Makkabi” səddini keçməsinə alqış düşür, ancaq 3:0 hesabı ilə öndə ola-ola bu cür trillerə imkan vermək xoş hal deyil.
“Sabah” ötən mövsüm “Partizan”la oyunlarda olduğu kimi, yenə də qeyri-sabit komanda olduğunu təsdiqlədi. Qeyri-sabit çıxışla Azərbaycan Premyer Liqasını 3-cü pillədə bitirmək olar. Avropada isə bunu bağışlamırlar. “Sabah”ın görüb-götürəcəyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “sabit çıxış” amilini əbəs yerə tez-tez qabartmır. Həqiqətən də, digər sahələrdəki kimi, futbolda da böyük uğurlar qazanmaq üçün ilk növbədə sabitlik nümayiş etdirməlisən. Başqa cür “Sabah”ın böyük sabahı ola bilməz.
FƏRİD