“Kəpəz”in son transferlərindən olan müdafiəçi İlkin Qırtımovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk oyununda səfərdə “Sumqayıt”a 0:2 hesabı ilə uduzdunuz. Matçla bağlı fikirləriniz necədir?
– Birinci oyunumuz idi. Bizdən fərqli olaraq, “Sumqayıt” avrokubok matçlarında iştirak etmişdi. Buna görə də, rəqib oyun tempinə öyrəşmişdi. Məğlubiyyəti bununla əlaqələndirərdim.
– “Kəpəz”də siz də daxil olmaqla, xeyli sayda yeni futbolçu var. Heyətin bir-birinə tam uyğunlaşması üçün nə qədər vaxta ehtiyac duyulur?
– Bəli, yeni kollektiv qurulub. İnşallah, gələcək matçlarda daha kompakt oynamalıyıq. İnanıram ki, qarşıdakı turlarda meydanda bir-birimizi daha yaxşı başa düşəcəyik.
– Növbəti turda “Qarabağ”ın qonağı olacaqsınız. Güclü rəqiblə görüşdə hansı nəticəyə ümid edirsiniz?
– Rəqibimizin gücü hər kəsə bəllidir. Odur ki, “Qarabağ” haqda nəsə danışmaq yersiz olar. Belə oyunlar bizim daha möhkəm olmağımıza kömək edəcək. Təbii ki, “Qarabağ”la matça əl-qolumuzu sallayıb çıxmayacağıq.
– Baş məşqçi Adil Şükürov haqda fikirləriniz necədir? Onunla birgə işləmək futbolçular üçün rahatdırmı?
– Buvaxtadək Adil müəllimlə birgə işləməmişdim. Amma haqqında çox eşitmişdim, tanışlığımız da var idi. Adil müəllim həm yaxşı insan, həm də yaxşı məşqçidir. Komandada hamı ilə münasibəti əladır.
– Bu mövsüm “Kəpəz”in qarşısına Premyer Liqada qalmaq tapşırığı qoyulub. Bu missiyanın öhdəsindən gələ biləcəksiniz?
– “Kəpəz” adına Premyer Liqada qalmaq məqsədi adama çox pis təsir edir. Çünki “Kəpəz” tarixi olan klubdur, böyük azarkeş ordusu var. Bu insanları məyus etməmək üçün əlimizdən gələni əsirgəməməliyik.
– Ötən mövsüm formasını geyindiyiniz “Qəbələ” çempionatdakı yerini qoruya bilmədi və I liqaya düşdü. Eyni halı “Kəpəz”də də yaşamaqdan ehtiyatlanırsınız?
– Heç kim karyerasında bu cür halın yaşanmasını istəməz. “Qəbələ”, “Kəpəz” kimi klublarımızı qoruyub saxlamalı, dəstək olmalıyıq. Mənim heç nədən qorxum yoxdur. Mən klubda olsam da, olmasam da, “Kəpəz” və digər bölgə təmsilçiləri Premyer Liqada olmalıdır. Karyeramın çox hissəsini əyalət klublarında keçirmişəm və bölgələrdə futbola necə həvəs olduğunu görmüşəm. “Kəpəz”in Premyer Liqada qalması üçün bütün gücümüzü meydanda qoyacağıq.
CAVAD