“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar UEFA Avropa Liqasının püşkünü dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Liqa mərhələsindəki rəqiblərindən olan Yunanıstan klubunun ispaniyalı çalışdırısı turnirdəki hədəflərini açıqlayıb.

O, finala yüksəlmək istədiklərini bildirib: “8 komanda ilə qarşılaşacağıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün nə qədər xal toplamalı olduğumuzu, yarışın necə keçəcəyini proqnozlaşdırmaq çox çətindir. Bu format yeni ideyadır. Ümid edirəm ki, maraqlı yarış olacaq. Məqsədimiz San Mamesdəki finalda iştirak etməkdir”.

63 yaşlı mütəxəssis rəqiblərindən birini xüsusi fərqləndirib: “Rəqiblərdən “Portu”nu xüsusi qeyd edərdim. Ən zəngin tarixə malik rəqibdir, Çempionlar Liqasını qazanıb. “Styaua” da tarixi komandadır. Hər matçda rəqabətədavamlı olmaq istəyirik. Var gücümüzlə mübarizə aparsaq, istənilən rəqibi məğlub edə bilərik”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiakos” arasında oyun 2025-ci il yanvarın 30-da Yunanıstanda keçiriləcək.

Shares: