“Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 5-ci turunda səfərdə “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz? Bu görüşə ancaq qalibiyyət üçün çıxmışdınız, yoxsa heç-heçə də sizi qane edəcəkdi?

– Maraqlı qarşılaşma oldu. Əlbəttə, meydana ancaq qələbə qazanmaq, xal ehtiyatımızı artırmaq üçün çıxmışdıq. Komandamın timsalında baxımlı futbol izlədik. Bu qədər üstün olduğun, qol epizodu yaratdığın matçda 3 xalı qazanmamaq pis olardı. Şadam ki, məqsədimizə çatdıq, 3 xalı biz əldə etdik. Rəqib də kifayət qədər yaxşı komandadır. Əslində, “Neftçi” ilə oyunda da qələbəyə çox yaxın idik. Ani diqqətsizlik bizi 2 xaldan etmişdi. Bu dəfə daha diqqətli olduq, inamlı oynadıq. Hesabı açdıqdan sonra bir müddət müdafiəyə çəkilə bilərik, bu da futbolun tərkib hissəsidir. 90 dəqiqə hücum etmək, oyunu meydanın rəqibə aid hissəsində qurmaq çətin olur.

– “Araz-Naxçıvan” bu mövsüm keçirdiyi 4 oyundan ikisində qalib gəlib, birində heç-heçə edib, yalnız bir dəfə uduzub. İndiyəqədərki nəticələr tam ürəyinizcədir və bu cür startı gözləyirdiniz?

– Qələbə qazandığımız oyunlarda buna layiq idik. Hər iki matçda üstünlük bizdə idi və bunun da məntiqi sonluğu olaraq, 6 xal qazandıq. Heç-heçə etdiyimiz görüşlə bağlı birinci suala cavabımda şərh verdim. Həmin matçda rəqib futbolçu yerdə qaldığına görə qapıçımız topu meydandan çıxardı. Davamında feyr-pley nümunəsi gözləyirdik, təəssüf ki, “Neftçi” bunu son şans bilib istifadə etdi, qol vurdu. Halbuki Avram topu tutduqdan sonra onu hücum xəttində yer alan Ramon Maçado istiqamətində vursaydı, referi bəlkə də oyunu yekunlaşdıracaqdı və bu gün 7 yox, 9 xalımız olacaqdı. Bu da futbolun bir hissəsidir. Məğlub olduğumuz oyuna gəldikdə, “Qarabağ”la qarşılaşsaq da, meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Lakin ardıcıl 2 səhv və erkən qollar planlarımızı alt-üst etdi. “Qarabağ”la görüşdə 2 top fərqi ilə geri düşürsənsə, geridönüş etməyin çox çətindir. Ümumiləşdirsək, oyunumuzdan və nəticələrdən narazı deyiləm. Yenə deyirəm, daha çox xalımız ola bilərdi.

– “Neftçi” ilə oyundan söz düşmüşkən, AFFA İntizam Komitəsi tərəfindən həmin matçda qırmızı vərəqə aldığınız üçün 3 görüş şərti olmaqla, 5 oyunluq cəzalandırıldınız. Bununla bağlı nə deyə bilərsiniz?

– Futbol emosiyalar oyunudur. Həmin görüşdə hakim komandamın əleyhinə bir neçə dəfə səhv qərar verdi və əlbəttə, mən də sivil qaydada etirazımı bildirdim. Orada kimisə təhqir etməmişəm, söyməmişəm. Hakimlər situasiyanı düzgün dəyərləndirməli, məşqçiləri də anlamalı və həqiqətən ədalətli olmalıdırlar. Çempionat uzun marafondur. Onlara da bu yolda uğur arzulayıram.

–  Yayda heyətdə ən çox dəyişikliklər edən klublardan biri “Araz-Naxçıvan” oldu. Yeni gələnlər sizin oyun fəlsəfənizi tam qavraya biliblərmi? Yoxsa onların kollektivə və oyun üslubunuza uyğunlaşması üçün bir qədər də vaxta ehtiyac var?

– Əksər futbolçularla müxtəlif illərdə bir klubda işləmişik. Müəyyən qədər bir-birimizi tanıyırıq. Digər futbolçular da mənim istəyimlə transfer olunublar. Onları niyə dəvət etdiyimi gözəl bilirəm. Futbolda vaxta hər zaman ehtiyac var. Görüləcək işlər az deyil. Turdan-tura daha yaxşı oynadığımızı qeyd edə bilərəm.

– Yığmamızın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən sonrakı ilk matçda “Kəpəz”i qəbul edəcəksiniz. Yəqin ki, cari mövsümdə xal üzünə həsrət qalan rəqiblə görüşdə “Araz-Naxçıvan”ı ancaq qələbə qane edəcək. Rəqib sizə problem yarada bilərmi?

– Biz bütün oyunlara 3 xal qazanmaq üçün çıxırıq. “Kəpəz” də Premyer Liqadakı rəqiblərimizdən biridir. Düzdür, Gəncə təmsilçisi hazırda xal qazanmayıb və sonuncu pillədədir. Son iki mövsümə diqqət yetirsək, onlarda baş məşqçi dəyişikliyindən sonra komandada yüksəliş baş verir. Turnir cədvəli heç kimi aldatmasın. Bizi çətin qarşılaşma gözləyir.

– Buvaxtadək qeydə alınan nəticələr “Araz-Naxçıvan”ın avrokuboklara vəsiqə uğrunda mübarizə apardığını təsdiqləyir. Bəs bu gedişatı mövsümün sonunadək davam etdirə və avrokuboklara vəsiqə qazana biləcəksiniz?

– Məqsədimiz mümkün qədər turnir cədvəlinin üst sıralarında yer almaqdır. Ancaq hələ cəmi 4 oyun keçirmişik. Çempionatda daha 32 matçımız var. Zədə və cəzalardan qaçmalıyıq. Məqsədimizə çatmaq üçün çox uzun yol qət etməliyik.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp