“Sabah”la matçın nəticəsi bizə pis təsir etdi. Çünki 2:0 hesabı ilə udduğumuz matçı 2:3 uduzduq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Orxan Əliyev deyib.

29 yaşlı hücumçu Misli Premyer Liqasının 5-ci turunda Tovuzda “Sabah”a uduzduqları oyundan danışıb: “Oyuna qələbə üçün çıxmışdıq. Bunun üçün də meydanda hər şey etdik. Uduzduqsa, deməli, nəyisə səhv etmişik. Yəqin ki, ikinci hissədə eyni cür davam edib qol vurmaq üçün gücümüz çatmadı. Rəqib sürətli hücumlar qurdu, qol epizodları yaratdı və bundan istifadə etdi”.

Mövsüm başladıqdan sonra Gəncə klubuna keçən Əliyev komandanın turnir cədvəlinin son pilləsindən xilas olacağına inandığını deyib: “İnşallah, çalışırıq ki, bu vəziyyətdən bir yerdə çıxaq. Bunun alınacağına çox inanıram”.

Hücumçu sabiq baş məşqçi Adil Şükürovun istefasına da münasibət bildirib: “Adil müəllimi çoxdan tanıyıram. Millidə onunla işləmişəm. Əslində, bu cür qərar verəcəyini gözləmirdim. Amma futbolda belə hallar normaldır. Ona uğurlar arzu edirəm”.

Orxan Əliyev Azər Bağırovun yeni baş məqşçi təyin edilməsi ilə bağlı isə bu cür danışıb: “Azər müəllim yaxşı məşqçidir, onun potensialıan bələdik. Bura gəlibsə, nəticə göstərəcək. Bilirəm ki, vəziyyət çətindir. Bu durumdan çıxmaq üçün bir olmalıyıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp