Slovakiya millisinin sabiq üzvü Lubomir Moravçik futbolinfo.az saytına müsahibə verib. 1996-cı il Avropa çempionatının seçmə mərhələsində yığmamıza 4:1 hesabı ilə qalib gələn Slovakiya yığmasının kapitanı olan Moravçik, sentyabrın 8-da Millətlər Liqasının 2-ci turunda baş tutacaq Slovakiya – Azərbaycan qarşılaşmasından danışıb.

– Açığı, konkret bir fikir demək olmaz. Azərbaycan yığmasının ötən gün İsveçə 1:3 hesabı ilə məğlub olduğu görüşü izlədim. Düzdür, komandanız məğlub oldu, amma yaxşı oynadı. Xüsusən hücumda aktiv idilər və təhlükəli hücumlar qururdular. Penaltini vura bilsəydilər, bəlkə də hər şey fərqli olacaqdı. Amma 11 metrlik cərimə zərbəsindən yararlanmaq mümkün olmadı.

– Sizin milli komandanız da Estoniyaya 1:0 hesabı ilə qalib gəldi…

– Bu oyunda yığmamız yaxşı oynadı. Düzünü desək, 60 dəqiqə meydanda üstün tərəf idi və çox təhlükəli hücumlar qururdular. Amma sonradan vəziyyət dəyişdi. Qol vurduqdan sonra pis oynamağa, daha çox hesabı qorumağa çalışdılar. İstənilən halda, qalibiyyət reallaşdı və komanda yaxşı başlanğıc etdi. Slovakiya yığması Azərbaycanla matçda favorit sayıla bilər. Ən azından evdə oynayacaqlar, dogma azarkeşlər önündə çıxış edəcəklər.

– Azərbaycan yığmasının qələbə şansı varmı?

– Komandanız inkişaf edib. Getdikcə Azərbaycanda futbol daha da yüksəlir. Məsələn, buna nümunə olaraq klublarınızın avrokuboklardakı çıxışını qeyd etmək olar. “Qarabağ” Avropada özündən söz etdirə bilir. Klub səviyyəsində futbol yüksəldikcə milli də yaxşı olacaq. Üstəlik, Azərbaycan yığmasının təcrübəli baş məşqçisi var. Hansı ki, həmin çalışdırıcı Portuqaliya yığması ilə Avropa çempionatının qalibi olub.

– Fernandu Santuşun uğurlu ola biləcəyini düşünürsünüz?

– Onun böyük beynəlxalq təcrübəsi var. Ötən gün İsveçə qarşı da komandası pis oynamadı. Yaxşı oyun keçirdi.

– Azərbaycan və Slovakiya yığmaları 2024 AÇ-nin seçmə mərhələsində də eyni qrupda yer almışdı. Artıq bu komandalar bir-birini çox yaxşı tanıyır. Bu, matça öz təsirini göstərəcək?

814254 - Futbolinfo.az

– Fikrimcə, çox şey dəyişib. Çünki Slovakiya yığması AÇ-2024-də adından söz etdirə bildi, çox yaxşı çempionat keçirdi. İngiltərəyə uduzaraq mübarizəni dayandırdıq. Azərbaycanda da inkişaf var, amma Slovakiya yığmasının etdikləri təbii ki, daha böyükdür. Məncə, fərqli yığmalardır. Həm də heyət güclüdür. Müxtəlif güclü çempionatlarda çıxış edən oyunçular var. Yalnız Milan Şkriniyar yoxdur. Amma istənilən halda maraqlı matç olacaq.

– Hazırkı qrupun favoritinin hansı milli olduğunu düşünürsünüz?

– İsveç, Slovkiya, Azərbaycan, Estoniya – hamısı inkişaf edir, futbolda irəli getməyə çalışır. Amma reallığa nəzər salsaq, İsveç favoritdir. Onlar Azərbaycanı da Bakıda məğlub etdilər. Slovakiya da liderlik üçün qələbələrə davam etməlidir. Amma İsveç daha yaxşıdır, daha üstündür. Azərbaycan isə şansını saxlamaq üçün Slovakiyaya Koşitsedə qalib gəlməlidir.

– 1995-ci ildə eyni şəhərdə – Koşitsedə Azərbaycana 4:1 hesablı qalib gəldiyiniz oyunu xatırlayırsız?

– Əlbəttə, kapitan kimi meydana çıxmışdım. Səfər oyununda oynamamışdım, amma evdəki matçda kapitan idim. 4:1 hesablı qələbə qazanmışdıq. Sentyabrın 8-də matçın keçiriləcəyi Koşitsedəki fərqli stadionda oynamışdıq.

– Azərbaycan üçün çox şey dəyişib?

– Əlbəttə. İndi fubol Azərbaycanda inkişaf edib. 21 il bundan öncəki komanda ilə indiki arasında fərq var. Təbii ki, hazırda yığma daha təhlükəlidir, daha güclüdür.

ABBAS

Shares: