Bu oyunu Fernandu Santuş uduzdu. AFFA prezidenti Rövşən Nəcəfin birbaşa özünün seçdiyi, milyonlar xərclədiyi portuqaliyalı mütəxəssisin heyətlə bağlı yanlış seçimləri yekun nəticəni müəyyənləşdirdi.

Slovakiya millimizlə matçın aşkar favoriti idi. Amma 2022-ci ildə səfərdə yendiyimiz bu rəqib məğlubedilməz sayılmamalıdır. Dünənki oyunun ikinci hissəsi göstərdi ki, rəqiblə başabaş oynamaq, yaxşı nəticə qazanmaq olardı. Düzdür, slovaklar ilk yarıda böyük üstünlük qazanmasaydı, bəlkə də qarşılaşmanın gedişatı fərqli olardı. Bununla belə, məşqçinin səhvləri o qədər aşkar göründü ki, ehtimallardan yapışmağa məcburuq.

Santuşun start heyətini az qala yarıbayarı dəyişməsi günün əsas sürprizi idi. Ramil Şeydayevlə Emin Mahmudovun İsveçlə matçdakı penalti olayına görə, yoxsa başqa səbəbdən ehtiyatda qaldığı müəmmadır. Məşqçi onları cəzalandırmışdısa, ikinci hissədə Ramilə şans verməməli və onların adını ümumiyyətlə, protokola salmamalı idi. Onlardan başqa daha bir neçə oyunçunun kənarda saxlanması, sürpriz heyətə güvənilməsi Santuşun birbaşa səhvi idi və 69 yaşlı mütəxəssis bunu anlayanda hesab artıq 0:2 idi.

Azərbaycanda zatən milli səviyyəli futbolçuların sayı kifayət qədər azdır. Liderləri bu qədər asan xərcləmək, komandadaxili ab-havanı tənzimləyə bilməmək məşqçinin günahıdır. Santuş həm İsveşlə oyunda, həm də dünən ikinci hissədə meydanda olan futbolçulardan möhkəm yapışmalı, radikal dəyişikliyə getməməli, rəqabətli heyəti tədricən yaratmalıdır.

Hər iki qolda Amin Seydiyevin səhvi gözə girdi. Lakin müdafiənin bu qədər təzyiq altında qalmasının səbəbi onun cinahında oynayan Ozan Can Kökçünün bərbad çıxışı, Emil Mustafayevin meydandakı yerini tapa bilməməsi idi. İsveçə qarşı əla oynayan Abbas Hüseynov meydana daxil olan kimi ev sahiblərinin üstünlüyü əriməyə başladı. Fasilədəki əvəzetmələr isə millimizin oyunu bərabərləşdirməsinə səbəb oldu.

santus - Futbolinfo.az

Santuşun bu dəyişiklikləri səhvini anladığını göstərdi. Lakin matçın taleyi artıq həll olunmuşdu. Bəlkə də daha yaxşı start heyəti ilə də uduzacaqdıq, əvəzində meydanda bu qədər rəzil görünməyəcəkdik. Portuqaliyalı həm pis nəticənin səbəbkarı oldu, həm də Seydiyevin timsalında futbolçuları zərbə altında qoydu.

Oyunla bağlı yazılası çox şey yoxdur. Artıq ilk iki turdan sonra Millətlər Liqasında daha bir tsikl bizim üçün erkən bitdi. Qalan 4 oyunda nəyəsə ümd etmək sadəlövhlükdür. Millinin bəlli potensialı var və əldə olan heyət bəlkə də son illərin ən yaxşısıdır. Onları döyüşkən kollektivə çevirmək üçün yaxşı mütəxəssis lazımdır. Santuş bacarıqsız deyil, xüsusilə İsveçlə oyunda onun müəyyən “toxunuşlar”ını hiss etdik. Lakin hələlik böyük fərqdən danışa bilmərik. Azərbaycan yığması indi oynadığı futbolu həmişə sərgiləyib, onu nəticəyə çevirmək üçün çalışmaq lazımdır. Bunun üçün yerli mütəxəssis lazımdır, dövranını sürmüş, müqaviləsi bitəndə 73 yaşında olacaq Santuş yox.

FƏRİD

Shares: