Argentina millisi ilə dünya çempionu olan “Tottenhem” klubunun futbolçusu Kristian Romero İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun matçını buraxacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə məşhur “The Standard” nəşri məlumat yayıb.
Buna səbəb 26 yaşlı müdafiəçinin cəzalı durumda olmasıdır.
London təmsilçisinin vitse-kapitanı iki mövsüm əvvəl aldığı qırmızı vərəqəyə görə bu matçda iştirak edə bilməyəcək. O, 2022/2023 mövsümündə “Milan”la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında (ilk oyun – 0:1) ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. “Tottenhem” 2023/2024 mövsümündə avrokuboklarda yer almadığından argentinalı futbolçu cəzasını bu mövsüm çəkməli olacaq.
Sentyabrın 26-da baş tutacaq “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.