Milli komandalarımız son həftəni “məhsuldar keçirdi”. Həm əsas, həm də gənclər millimiz ardıcıl 2 məğlubiyyət almaqla həm bu gününün, həm də sabahının olmadığını nümayiş etdirdi.

Rövnəq Abdullayev – Elxan Məmmədov – Elşad Nəsirov triosunun illərdir futbolumuza vurduğu zərbənin nəticəsini indi də görürük. Bu adamlar bünövrəni məhv edib, ona görə də xarabalıq üzərində heç kim gülüstan gözləməsin. Yeni nəsil yetişdirilməyib, oyuncaq klublar, akademiyalar, gözdən pərdə asmaq üçün keçirilən uşaq yarışları, kadr hazırlığının unudulması, strategiyasızlıq, mütəxəssislərin sıradan çıxarılması, əcnəbilərə dağıdılan yüzmilyonlar, çatışmazlıqların milliləşdirilənlər hesabına ört-basdır edilməsi – son məğlubiyyətlərin kökündə bunlar dayanır.

AFFA-da rəhbərlik dəyişib, nəticələr dəyişmir. Normal işləsəydilər, nəyəsə ümid etmək olsaydı, indiki məğlubiyyətlərə göz yumub sabah haqda xoş proqnozlar irəli sürmək olardı. Amma olmayacaq, çünki Rövşən Nəcəf və komandası da səriştəsizliyini qısa müddətdə sübut edib. Yenilər faktiki heç nəyi dəyişməyib, üstəlik, Nəcəf vitse-prezident kimi futbolda varlığını davam etdirən Elşad Nəsirovun əsirinə çevrilib, onun məsləhətləri ilə uçurumun dibinə gedir.

Rövşən bəy ayılanda gec olacaq. Bir də görəcək ki, onu “Neftçi”də necə urvatsız edib son illərin ən pis nəticəsinin memarına çevrdilərsə, AFFA-da daha biabırçı duruma düşəcək. Futbol böyük oyundur və buradan salamat çıxan məmur çox az olur, Nəcəf isə işə elə başlayıb ki, silkələnməsə, haqq yoluna qayıtmasa, sonu daha erkən olacaq.

Aprelin 1-i bütün düyada,o cümlədən bizdə Gülüş günü kimi qeyd edilir. Bu gedişlə aprelin 2-ni də arzuolunmaz dönəminin başladığı tarix kimi xatırlayacağıq. Həmin gün hakimiyyətə gələn, Rövnəq Abdullayevin dediyi kimi, yeni kral olan Rövşən bəy artıq 5 aydan çoxdur futbol təsərrüfatına rəhbərlik edir. Heç bir istiqamətdə uğurlu iş ortaya qoymayan, yalnız sevimli kadrlarını “paketli vəzifələr”ə təyin etməklə məşğul olan, inkişaf üçün heç bir ümidverici addım atmayan Nəcəf bu dövrdə yalnız məğlubiyyətlər görüb.

Milli komanda futbolun aynasıdır və bizim yığmalara baxanda Nəcəf çox eybəcər görünür. Saqqallı və ya saqqalsız…

Nəcəfin AFFA prezidenti olduğu gündən bəri müxtəlif milli komandalarımız 32 oyun keçirib və bunların 23-də uduzub. Cəmi 3 qələbə var, top fərqi isə 19:80-dir. Rövşən bəyin 160 gündür rəhbər postda əyləşdiyini nəzərə alsaq, yığmalar onun vaxtında orta hesabla 2 günə 1 top buraxıb.

A millisi: 1 qələbə, 3 məğlubiyyət, top fərqi – 5:10

Albaniya – Azərbaycan 3:1

Azərbaycan – Qazaxıstan 3:2

Azərbaycan – İsveç 1:3

Slovakiya – Azərbaycan 2:0

U-21: 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 2:7

Slovakiya – Azərbaycan 3:2

Azərbaycan – Bolqarıstan 0:0

Lüksemburq – Azərbaycan 2:0

Azərbaycan – Serbiya 0:2

U-19: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 3:14

Azərbaycan – Qazaxıstan 2:0

Azərbaycan – Türkiyə (U-20) 0:5

Moldova – Azərbaycan 1:1

Şotlandiya – Azərbaycan 2:0

Niderland – Azərbaycan 3:0

Uels – Azərbaycan 3:0

U-17: 2 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 4:17

Belarus – Azərbaycan 4:0

Özbəkistan – Azərbaycan 2:0

Tacikistan – Azərbaycan 2:2 (penaltilərlə 1:3)

Albaniya – Azərbaycan 1:1

Albaniya – Azərbaycan 4:1

Türkiyə – Azərbaycan 4:0

Qadın yığması: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 2:14

Macarıstan – Azərbaycan 1:1

Azərbaycan – İsveçrə 0:4

Türkiyə – Azərbaycan 1:0

Azərbaycan – Türkiyə 1:0

Azərbaycan – Macarıstan 0:5

İsveçrə – Azərbaycan 3:0

U-19, qadınlar: 3 məğlubiyyət, top fərqi – 0:9

Monteneqro – Azərbaycan 4:0

Bolqarıstan – Azərbaycan 1:0

Latviya – Azərbaycan 4:0

U-17, qadınlar: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 3:9

Belarus – Azərbaycan 3:1

Qazaxıstan – Azərbaycan 2:2 (penaltilərlə – 4:1)

Türkiyə – Azərbaycan 4:0

Cəmi: 32 oyun, 3 qələbə, 6 heç-heçə, 23 məğlubiyyət, top fərqi – 19:80.

1702366486.0N3A0392 - Futbolinfo.az

Acınacaqlı mənzərədir. Bütün bu biabırçılıqlar Rövşən bəyin çiyinlərinə yüklənir. Nəcəf təkcə milli komandaların nəticələri baxımından bacarıqsız deyil, o, ümumi idarəetmədə də səriştəsizdir, lakin özünü hamıdan ağıllı göstərməkdə davam edir, qərarları təkbaşına verir. İcraiyyə Komitəsini oyuncaq quruma çevirən prezident üçün yalnız Nəsirovun məkrli məsləhətləri prioritetdir. Bu adam iki federasyanın rəhbəri olan, birindən istefa verməyi artıq iş sayan köhnələrin kadrı Zaur Axundova söz keçirə bilməyəcək qədər zəif, əsl mütəxəssisləri görməyəcək qədər gözübağlı, məsləhət dinləməyəcək qədər yekəxana, bu müddətdə verdiyi heç bir vədi yerinə yetirə bilməyəcək qədər yalançı, onu idarə edənlərin sözündən çıxmayacaq qədər müti, nicatı yalnız əcnəbilərdə görəcək qədər sadəlövhdür.

Amma milli komandaların nəticələri onun bütün ərköyünlüklərini əhəmiyyətsiz edəcək. Heç nəyi dəyişməyənin özünü əvvəl-axır dəyişəcəklər.

VÜSAL MAHMUDOV

P.S.: Nəcəfi AFFA prezidenti postuna gətirənlər, indi isə onun Nəsirovun əlinə keçməsinə göz yumanlar da idmandan bixəbərlərdir. Xəbərləri olsaydı, həmişə nəticələri ilə fəxr etdiyimiz güləşçilərimiz Olimpiadadan boynubükük dönməzdi və ya ənənəsi olan növlərdən qılıncoynatmada fiaskolar sıralanmazdı.

Shares: