“Türkiyə futbolu mənə tanışdır. Davam etmək istədiyim yerdəyəm və çox xoşbəxtəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin və “Bandırmaspor”un futbolçusu Coşqun Diniyev deyib.

Millimizin üzvü Super Liqaya can atır: “Komandamda hər şey çox yaxşıdır. Bütün nüanslardan çox məmnunam. Hədəflərim hər zaman yüksəkdir. İnşallah, bu il hər oyun qalib gəlib, sezon sonu komandamın daha yüksək liqaya keçməyinə töhfə vermək istəyirəm”.

Diniyev, bu il Azərbaycan çempionatını izləyə bilməsə də, favoritin yenə “Qarabağ” olduğunu bildirib: ”Düzü, bu il Azərbaycan çempionatını izləyə bilməmişəm. Lakin yenə də bir favorit var. Bu mövsüm də “Qarabağ”ın rahat şəkildə çempion olacağını düşünürəm. Nəticələr baxımından atam Şahn Diniyevin rəhbərlik etdiyi “Səbail”in durumu hələlik yaxşı deyil. İnşallah tez toparlanıb, qələbələrə başlayarlar”.

Coşqun yığmanın Millətlər Liqasındakı çıxışı haqda da fikirlərini bölüşüb: ”Millətlər Liqasına uğursuz başlanğıc etdik. Yəqin ki, səbəblər çoxdur. Bunu da məşqçilər, azarkeşlər və siz jurnalistlər kənardan daha yaxşı müşahidə edirsiniz. Yaxşı olacağını deməklə heç nə əldə olunmur. Daha çox çalışıb, daha çox vuruşmalıyıq. Ən əsası, o tempdə oynamaq üçün futbolçu keyfiyyətlərimizi artırmağımız şərtdir”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp