“Sumqayıt”ın monteneqrolu hücumçusu Nikola Vuynoviçin futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı” ilə səfər matçında uduzdunuz. Məğlubiyyətin səbəbi nədir?

– Matça pis başladıq və buna görə də sonda cəzasını çəkdik. Rəqib qol vurdu və sonradan yaxşı müdafiə olundu. Bundan sonra da qol vurmaq çətinləşdi.

– Çempionatın startından sonra 6 oyunda 4 məğlubiyyət almısız. Səncə, çox pis göstərici deyil?

– Bu, ümid etdiyimiz şey deyil, amma keçmişi dəyişdirə bilmərik. Edə biləcəyimiz yeganə şey nəticələri yaxşılaşdırmaq üçün əlimizdən gələni etməkdir.

– Bəs, dəyişdirmək üçün nə lazımdır? Son 3 oyundur ki, xal üzünə həsrətsiniz…

– Məşqdən başlayaraq, ondan sonra da matçlarda oyunun səviyyəsini yüksəltmək lazımdır. Bir-birimizə inanaraq əvvəl başverənləri unudub, gələcəyə diqqət etməliyik.

– “Sumqayıt”ın əsas problemi kimi heyətinin kasad olduğunu düşünənlər çoxdur…

– Düşünürəm ki, biz onların səhv olduğunu sübut etməliyik.

– Slavişa Radoviç səninlə bir yerdə komandaya gəlmişdi, amma indi ayrıldı. Onun gedişi səni üzdü?

– Birinə öyrəşirsən, daha yaxın tanış olursan və sonra nəvaxtsa yollarını ayırmalısan. Amma getməsindən asılı olmayaraq əlaqə saxlayacağıq.

– Yaxın dostun Miloş Miloviç “Sumqayıt”a transfer olundu. Bu, səni sevindirdi?

– Bəli, o mənim ən yaxşı dostlarımdan biridir və onun burada olduğuna şadam. Ən qısa zamanda uyğunlaşması üçün əlimdən gələni edəcəyəm.

– Qarşıdakı matçınız çempionatın ən yaxşılarından olan “Zirə”yə qarşıdır. Düşünürsən ki, xal qazana biləcəksiz?

– Növbəti oyunumuz keyfiyyətli rəqibə qarşıdır. Lakin biz onları deyil, özümüzü düşünməliyik, əgər ən yaxşı oyunumuzu göstərə bilsək, liqada istənilən komandadan xal alarıq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp