“Kəpəz”in son transferlərindən olan Rauf Hüseynlinin futbolinfo.az saytına müsahibəsi

– Azər Bağırovun “Kəpəz”in baş məşqçi postuna təyinatından sonra komandaya cəlb edilən yeni futbolçulardan biri siz oldunuz. “Qəbələ”dən Gəncə klubuna keçidiniz sırf Premyer Liqada oynamaq istəyi ilə bağlı oldu, ya başqa məqamla?

– Bəli, səbəblərdən biri bu idi. Ümumiyyətlə, “Kəpəz” zəngin tarixi olan, köklü komandadır. Bu məqam da qərarıma təsir etdi.

– “Kəpəz”dəki debüt matçınızda “Araz-Naxçıvan”a uduzdunuz (0:1). Görüşlə bağlı nə deyə bilərsiniz?

– Əslində, komandamız bu oyunda yaxşı mübarizə apardı, meydanda əlindən gələni etdi. Qələbə qazanmaq istəyirdik. Lakin ani diqqətsizlikdən qol buraxdıq və məğlub olduq.

– Bu mövsüm keçirdiyi 6 oyunun hamısında uduzan “Kəpəz”də psixoloji durum nə yerdədir? Qələbəyə, xala həsrət qalmaq futbolçuların üzərində əlavə təzyiq yaradırmı?

– Düzdür, komanda bu mövsüm hələ xal qazana bilməyib. Buna baxmayaraq, futbolçuların psixoloji durumu normaldır. Hamımız ilk qələbəmizi qazanmaq istəyirik. Əminəm ki, ilk qalibiyyətdən sonra hər şey yavaş-yavaş qaydasına düşəcək.

– Növbəti turda “Şamaxı” ilə üz-üzə gələcəksiniz. Bu matçdan hansı nəticəni gözləyirsiniz?

– Rəqibdən asılı olmayaraq, komandamız hər oyuna qələbə üçün çıxır. Bu görüş də istisna deyil. Məqsəd “Şamaxı” ilə matçdan 3 xalla ayrılmaqdır.

– Azər Bağırovun öz oyun tərzini komandaya tam aşılaması üçün nə qədər vaxt lazımdır?

– Yeni komandayıq, heyətdəki futbolçuların çoxu komandaya bu mövsüm qoşulub. Məşqçimiz də yenidir. Futbolçular olaraq çalışırıq ki, tez bir zamanda bir-birimizi meydanda daha yaxşı başa düşək və məşqçimizin verdiyi tapşırıqları yerinə yetirək.

– Gəncəli azarkeşlər “Kəpəz”in hazırkı durumuna, turnir cədvəlindəki vəziyyətinə görə çox narahatdırlar. Onlara bir sözünüz varmı? Sizcə, “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?

– Azarkeşlərin narahat olması normaldır, çünki hələ ilk xalımızı qazana bilməmişik. Onların narahatlığını anlayışla qarşılayıram. Bilsinlər ki, təslim olmayacağıq, əlimizdən gələni edəcəyik. İnşallah, azarkeşlərimizin də dəstəyi ilə bu vəziyyətdən çıxmağa çalışacağıq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp