Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, əzəli rəqiblər “Qarabağ”la “Neftçi” turun ilk günündə üz-üzə gələcəklər. Həm bu matç, həm də digər qarşılaşmalar ərəfəsində bəzi komandalar tilsimi qırmağa, bəziləri isə uğurlu seriyanın davamına çalışacaq.
– “Kəpəz” və “Şamaxı” çempionat çərçivəsində 35-ci dəfə üz-üzə gələcəklər. İkincilər “Xəzər Universiteti”, “İnter”, “Keşlə” və “Şamaxı” adı altında gəncəlilərlə qarşılaşıb. “Şamaxı” tez-tez ad dəyişsə də, şəxsi matçlarda rəqibini çox üstələyir. Təsadüfi deyil ki, “Kəpəz” 8 qələbə fonunda 17 dəfə meydanı məğlub tərk edib. Lakin Gəncə təmsilçisi son 5 qarşılaşmada rəqibinə uduzmayıb. Komanda sonuncu dəfə 3 xal sevinci yaşayanda “Keşlə” adını daşıyırdı. Bu isə 6 il yarım əvvələ – 2018-ci ilin fevralına təsadüf edir.
– Bütün ölkə çempionatlarının iştirakçısı olan “Qarabağ”la “Neftçi” 96-cı duelinə çıxacaq. Əzəli rəqiblərin matçlarında Ağdam təmsilçisinin aşkar üstünlüyü müşahidə olunur – 41 qələbə, 23 məğlubiyyət. Son 5 Azərbaycan derbisində “Neftçi” xal üzü görməyib. “Ağ-qaralar”, ümumiyyətlə, 12 oyundur “Qarabağ”ı məğlub edə bilmir. “Neftçi” axırıncı dəfə 2021-ci ilin mayında rəqibinə qalib gələrək, ölkə çempionluğunu qazanıb. “Qarabağ”ın bugünkü qarşılaşmada vuracağı ilk qol “Neftçi” ilə duellərdə ümumilikdə 130-cu olacaq. Bakılılar isə 84 dəfə rəqib qapılarına yol tapıblar.
– Premyer Liqanın lideri “Turan Tovuz” “Araz-Naxçıvan” önündə də favoritdir. Təsadüfi deyil ki, tovuzlular bu rəqiblə ötən mövsüm keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. Maraqlıdır ki, Tovuzda keçirilən hər iki qarşılaşmada meydan sahibləri 2 top fərqi ilə (3:1, 2:0) qalib gəlib. “Araz-Naxçıvan” bu rəqibinə cəmi 1 qol vura bilib.
– Paytaxt derbisində “Səbail” “Sabah”ı qəbul edəcək. 2018-ci ildə başlayan rəqabətdə ikincilər üstündürlər. “Sabah”ın 11 qələbəsinə “Səbail” 7 qalibiyyətlə cavab verə bilib. Ancaq statistikaya görə, son 5 görüşdə meydan sahibi olan tərəf uduzmayıb. Üstəlik, Bakı klubların duelləri məhsuldar alınıb. Son 6 matçda minimum 2 qol vurulub.
– “Sumqayıt” – “Zirə” qarşılaşması öncəsi isə rəqəmlər ikincilərin xeyrinədir. “Kimyaçılar” indiyə qədər 6 dəfə rəqibdən 3 xal almağı bacarıbsa, qəsəbə təmsilçisi bunun üçqatını bacarıb – 18 qələbə. Top fərqində isə “Zirə” ikiqat öndədir – 44:22. Rəşad Sadıqovun baş məşqçisi olduğu Bakı komandası düz 15 oyundur ki, “Sumqayıt” məğlub olmur. Bölgə klubu axırıncı dəfə 4 il əvvəl – 2020-ci ilin oktyabrında rəqibi üzərində qalibiyyət əldə edib. Digər maraqlı məqam isə tərəflərin son 3 duelinin qolsuz bərabərliklə yekunlaşmasıdır.