0:3 matçdan əvvəl əksəriyyətin razılaşacağıı hesab idi. “Tottenhem”ə qarşı Londonda “Qarabağ”ın şansının olmadığı dəqiq idi və daha pis nətcə sürpriz olmayacaqdı. İngilis komandalarına qarşı çətinlik çəkən təmsilçimiz təqvim üzündən Avropa Liqasının yeni mövsümünə məğlubiyyətlə başlamalıydı.

Doğrudur, sürpriz, sensasiya şansı həmişə var, lakn daha bir bədlik matçdan öncə yaşandı. Komandanın 2,5 saat tıxacda qalması ortada hər hansı motivasiya da qoymadı.

Lakin matçın startında başverənlər birdən-birə hər şeyi lehimizə çevirdi. Juninyonun hiyləgərliyi sayəsində topa yiyələnməsi ilə “Tottenhem” çətin vəzyyətə düşdü. Kobud səhv edən rəqib müdafiəçi braziliyalını kobudluqla dayandırıb meydandan qovuldu.

Bu, oyunun qırılma anı olmalı idi. Lakin londonlular meydanda azlıqda olduğunu hiss etdirmədi. Əksinə, tezliklə hesabı açdılar, daha sonra növbəti qolları vurub qələbəni təmin etdilər. “Qarabağ” rəqibinə oyunçuların fərdi ustalığı arasındakı fərqdə və sürətdə uduzdu. Meydan sahibləri tempi qaldıran kimi ağdamlıların qüsurları üzə çıxırdı. Epizodların birndə ən çox güvənilən oyunçulardan olan Romao düşünmədə saniyələr itirincə hesabın açılmasına səbəbkar oldu.

Sonrası təfərrüatdır. “Tottenhem” hətta rotasiyalı heyəti ilə də İngiltərə və Azərbaycan futbol arasındakı uçurum fərqini ortaya qoydu. Toral Bayramovun əldən verdiyi təkbətək epizod, Olavio Juninyonun “çərçivə”yə düşə bilməməsi sadəcə, epizodlar idi. Bütün oyun boyu üstünlüyü əldə saxlayan ev sahibləri istədiyi vaxt qolları vurub layiq olduğu 3 xalı qazandı.

Hesab 2:0 olarkən Toral penaltini boşa verməsəydi, bəlkə də ümidlənərdik. Təəssüf ki, “Qarabağ” dünən lehinə olan bütün fürsətləri boşa verdi.

Nəticə gözlənilən idi, nə olmalıydısa, o da oldu. 10 nəfərlə oynayan rəqibdən 3 top buraxmaq qan qaraltsa da, “Qarabağ” oynadığı futbolla məhz məğlubiyyətə layiq idi. Ən çətin matçını geridə qoyan “Qarabağ”ın növbəti turlarda toparlanacağına ümid etməkdən başqa çarə yoxdur.

ABBAS

Shares: