Azərbaycanda “Xəzər Lənkəran”, “Keşlə” və “Zirə” klublarında oynamış rumıniyalı sabiq müdafiəçi Adrian Skarlatakenin futbolinfo.az saytına müsahibəsi
– Futbolçu karyeranızı bu il bitirmisiniz. Hazırda hansı işlə məşğul olursunuz?
– Bəli, bu il butslarımı mismardan asmağa qərar verdim. Hazırda “Konkordiya”da komanda meneceri kimi fəaliyyət göstərirəm və A kateqoriyalı məşqçilik lisenziyasını almaq üçün oxuyuram. 2025-ci ildə A kateqoriyasına yiyələnəcəyəm.
– Azərbaycanda keçirdiyiniz illəri necə xatırlayırsınız? Ölkəmizdə oynadığınız klublar arasında hansını özünüzə daha doğma sayırsınız?
– Azərbaycanla bağlı xoş xatirələrim var. Oğlum Bakıda dünyaya göz açıb. Ölkənizdə oynadığım komandaların hamısı mənim üçün doğmadır.
– Azərbaycan Premyer Liqasını izləmək imkanınız olur?
– Bəli, oyunlara baxıram. Avrokuboklar zamanı Azərbaycanın bütün klublarına azarkeşlik edirəm. “Zirə” Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanmağa yaxın oldu. “Qarabağ” artıq illərdir ki, avrokuboklarda uğurlu çıxış edir. Onların “Tottenhem”lə oyunlarına baxdım. Səfərdə oynamaqlarına baxmayaraq, çox yaxşı təsir bağışladılar. “Qarabağ” “Tottenhem”lə görüşdə məğlubiyyətə layiq deyildi.
– Karyeranızı Azərbaycanda davam etdirəndə ən yaxın dostlarınız hansı futbolçular idi?
– Futbolçular arasında dostlarım çox idi. İndinin özündə də Azərbaycanda birgə oynadığım yerli və əcnəbi futbolçularla ünsiyyətim davam edir. Ölkənizi illər öncə tərk etsəm də, dostlarımla əlaqələrimi qoruyub saxladığım üçün şadam. Azərbaycanda özümə yaxşı dostlar qazandım.
– Azərbaycan çempionatında hansı hücumçulara qarşı oynamaq sizə çətin gəlirdi?
– Azərbaycanda xeyli sayda yaxşı hücumçuya qarşı oynamışam. “Neftçi”dən Emil Mpenza, Nikolas Kanales, Bahodir Nasimov və Flavinyo, “Qarabağ”dan Reynaldo Silva, Rauf Əliyev və Vüqar Nadirovu qeyd edərdim. Baqali Dabo və Junior Franko Nildonun da adını mütləq çəkməliyəm. Bu, ağlıma ilk gələn hücumçulardır. Başqa yaxşı forvardlar da var idi.
– Azərbaycan Premyer Liqası illərdir ki, “Xəzər Lənkəran”sız qalıb. Digər sabiq komandanız “Keşlə” hazırda fəaliyyətini “Şamaxı” adı ilə davam etdirir və onlar 2024-cü ildə Premyer Liqaya qayıtdılar. Məlum olduğu kimi, “Zirə” isə bu il avrokuboklarda uğurlu çıxışı ilə yadda qaldı…
– “Xəzər Lənkəran”ın Premyer Liqada olmaması məni çox üzür. Bu, çempionat və lənkəranlı azarkeşlər üçün mənfi haldır. “Xəzər Lənkəran”ın tezliklə qayıdacağına ümid edirəm. Həqiqətən də, “Zirə” bu il çox yaxşı oyunlar keçirdi. Bu komanda ildən-ilə səviyyəsini artırır. Fikrimcə, “Zirə” gələn il avrokubokların Liqa mərhələsinə düşəcək. Hazırda “Şamaxı”, vaxtilə isə “Keşlə” adlanan klubla Azərbaycan Kubokunu qazanmışam, avrokubokların təsnifat mərhələsində iştirak etmişəm. Onlara da uğurlar arzulayıram.
– Azərbaycanda keçirdiyiniz hansı oyunları unuda bilmirsiniz?
– Ölkənizdə o qədər yaddaqalan matç olub ki… “Xəzər Lənkəran”da çıxış etdiyim vaxt “Neftçi” ilə keçirdiyimiz derbiləri xüsusi vurğulayardım. Aramızda çox maraqlı və gərgin oyunlar baş tuturdu. Bu matçlar derbi sayılırdı və xüsusi atmosferi olurdu, azarkeşlərimiz Lənkəranda tribunaları doldururdular. “Xəzər Lənkəran” – “Neftçi” oyunlarını Rumıniyada keçirilən “Styaua” – “Dinamo” matçlarına bənzədirdim.
– O “Neftçi”dən artıq əsər-əlamət qalmayıb. “Ağ-qaralar” cari mövsümdə keçirdikləri 8 oyunun heç birində qələbə qazana bilməyiblər…
– Xəbərim var, bu il “Neftçi”nin vəziyyəti çox pisdir. Açığı, mənim üçün sürpriz oldu, belə olacağını gözləmirdim. Çünki yaxşı heyətə sahibdirlər. “Neftçi”nin son turda “Sumqayıt”la matçını izlədim. Çoxlu qol imkanları olsa da, dəyərləndirə bilmədilər. Cari mövsümdə bəxtləri də gətirmir. Amma hələ çempionatın əvvəlidir. Vəziyyəti dəyişmək üçün vaxtları var. “Neftçi” çoxlu azarkeşi olan böyük klubdur. Əminəm ki, bu durumdan çıxacaqlar.
– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri sırasında “Styaua” da var. Sizcə, bu görüşün favoriti hansı komanda sayılacaq?
– Çox maraqlı oyun olacaq. Düşünürəm ki, şanslar 51/49 faiz olaraq “Qarabağ”ın xeyrinədir. Çünki “Styaua” bu mövsüm o qədər də yaxşı vəziyyətdə deyil. Üstəlik, bu görüş Bakıda keçiriləcək. İstənilən halda, maraqlı görüş izləyəcəyik.
– Azərbaycana məşqçi kimi qayıtmaq istərdiniz?
– Bəli, istərdim. Ancaq ilk növbədə Rumıniyada addım-addım irəliləmək fikrindəyəm. Məşqçi kimi müəyyən təcrübə topladıqdan sonra Azərbaycanda çalışa bilərəm.
AĞA