Misli Premyer Liqasının birinci dövrəsində keçirilən 43 oyunu ümumilikdə 77 min 272 azarkeş tribunalardan izləyib.

Futbolinfo.az saytının məlumatına görə, orta hesabla hər oyunda 1797, hər turda isə 8585 azarkeş olub.

Tribunaların dəstəyini ən çox alan komanda “Turan Tovuz”dur. Tovuz təmsilçisinin 4 ev matçına 19 300 fanat toplaşıb. Onları 12 350 nəfərlə “Sumqayıt” izləyir. Ancaq “gənclik şəhəri” təmsilçisi doğma arenasında 5 görüş keçirib. İlk “üçlüy”ü 5 ev matçına 10 100 azarkeş toplaşan “Qarabağ” qapayır.

Azarkeş baxımından autsayder muxtar respublikadan “qaçqın salınan” “Araz-Naxçıvan”dır. Oyunlarını Mərdəkan və Sumqayıtda keçirən naxçıvanlıların 5 ev görüşünü ümumilikdə 1550 azarkeş izləyib.

Birinci dövrədə ən çox fanat 9-cu turda keçirilən “Sumqayıt” – “Qarabağ” oyununda olub. Mehdi Hüseynzadə adına stadiona 7000 nəfər toplaşıb. Bu baxımdan antirekord “Araz-Naxçıvan”a məxsusdur. Bu komandanın 6-cı turda “Kəpəz”lə “Liv Bona Dea Arena”dakı matçında cəmi 100 azarkeş olub.

Shares: