Millətlər Liqasında İsveç və Slovakiya yığmalarının əhatəsində Azərbaycan millisinin ilk iki oyunda qələbə qazanacağını proqnozlaşdırmaq çətin idi. Hər halda, hər iki rəqib ötən tsikillərdə bizdən zərbə yediyinə görə bu dəfə işini ehtiyatlı tutmağa çalışcaqdı. İkincisi də ki, qrupu qalib kimi başa vurmaq istəyirlərsə, Azərbaycan və Estoniya kimi rəqiblərlə oyunda xal itirməyə haqqları yox idi.
Doğrudur, enişdə olan İsveç millisini Bakıda qəbul etdiyimizdən, haradasa onlardan xal almaq barədə düşünə bilərdik. Oyun da göstərdi ki, skandinaviyalılar məğlubedilməz deyil. Amma Ramil Şeydayevin penaltini qola çevirə bilməməsi, ələ düşən imkanların qaçırılması komandamızı geri saldı. Amma ya zəlzələdən, ya da vəlvələdən, axır ki, məğlub oldu.
İsveçlə oyun zəlzələ effekti verdisə, Slovakiya ilə matçda Amin Seydiyevin vəlvələsi komandamıza baha başa gəldi. Bəli, indi də qrupda öz tayımızla münasibətlərimizi aydınlaşdırmağa məcburuq. Hər halda, son Avropa çempionatının seçmə mərhələsində 4 xal aldığımız rəqiblə oyunda özümüzü yaxşı tərəfdən göstərməyə məcburuq. Bəyənmədiyimiz Canni de Byazi Baltikyanı ölkənin təmsilçisindən üstün olmağı bacardı. Özü də səfərdə onları məğlub etdik.
Yenə Tallinə yollanırıq. Güvəndiyimiz Fernandu Santuş bizdən qisas almaq istəyən estonları çözə biləcəkmi? Bunu cümə günü oyun göstərəcək. Biz də öz növbəmizdə “kino”dan əvvəl “jurnal”ı vərəqləyəcəyik.
Əslində, ötən tsikldən əvvəl Estoniya yığmasını sizin üçün təhlil etdiyimizdən təkrarçılığa yol vermək istəmirik. Amma isveçrəli Tomas Heberlinin gedişindən sonra “sükan arxasına” əyləşdirilən 37 yaşlı yerli mütəxəssis Yürgen Hennin son iki oyunda kimlərə şans verdiyini və hansı sxemlə oynadığını aydınlaşdırmaq heç də pis olmaz.
Komandanın təhlilinə keçməmişdən əvvəl baş məşqçinin karyerasına qısaca göz gəzdirmək yerinə düşər. 1987-i ildə iyunun 2-də Estoniyanın Vilyandi şəhərində doğulan Yürgen “Tulevik”in futbolçusu kimi məşhurlaşıb. Amma elə də güclü futbolçu olmadığından heç milliyə də dəvət almayıb. Amma onun məşqçilik karyerası haqda xeyli danışmaq olar. Henn “Flora” komandasını 4 dəfə Estoniya çempionu edib və onlara 1 dəfə də ölkə kubokunu qazandırıb. Bir sözlə, Henn hazırda ölkəsinin ən perspektivli məşqşisi sayılır. Amma millinin “sükanı arxasına” keçəndən sonra perspektivsiz komanda ilə uğur qazanmağın çətin olduğunu anlamağa başlayıb.
Bizim kimi estonlar da qrupda keçirdiyi hər iki görüşdə məğlub olub. Doğrudur, biz heç olmasa, İsveçlə oyunda fərqlənməyi bacarmışıq, onlar isə hələ də rəqib qapısına yol tapa bilməyiblər. Amma Santuşun komandası ilə müqayisədə 1 qol az buraxıblar. Slovaklara evdə 1, isveçlilərə isə səfərdə 3 qol vurmağa şərait yaradıblar.
Hazırda düşərgəyə cəlb olunanlara gəlincə, 26 oyunçudan 16-sı legionerdir. Bu da yetərincə yüksək göstəricidir.
Henn klassik 4-4-2 sxeminə üstünlük verir. Müasir dövrdə bu taktikadan nadir hallarda istifadə edirlər. Amma heyət yüksək səviyyəli oyunçulardan qurulmayıbsa, model əhəmiyyətini itirir.
Məşqçinin son iki oyunda şans verdiyi oyunçulara gəlincə, qapıda “Valyadolid”də çıxış edən Karl Yakob qərarlaşıb. Bu mövsüm La Liqaya yüksələn klubun heyətində 9 turun hamısında oynayan Yakob qapısında 19 top görüb. “Valyadolid” isə 20 komanda arasında axırdan əvvəlki yerdədir. Qeyd edək ki, bundan əvvəlki tsikldə “Arsenal” yetirməsi olan Yakob millimizə qarşı hər iki matçda meydana çıxmışdı.
Müdafiənin mərkəzində Bolqarıstanın “Botev” klubunun üzvü Yoonas Tammla Bundesliqa təmsilçisi “Sankt Pauli”dən Karol Mets qərarlaşıb. Tamm çempionatda 15-ci sırada qərarlaşan debütantın əsas heyət oyunçusudur (bizim Almaniyada çıxış edən oyunçumuz Mahir Emreli isə II bundesliqa təmçsilçinin heyətindədir).
Yaşı 30 keçən bu iki müdafiəçi uzun illər Estoniya millisində tandem təşkil edir. Gəlin, qəbul edək ki, “Qarabağ”ın mərkəz müdafiəçiləri ilə müqayisədə onlar hər həftə daha ağır oyunlara çıxırlar. Amma beynəlxalq təcrübə sarıdan bizimkilər onlardan geri qalmır. Sadəcə, Bəhlul Mustafazadənin zədə səbəbindən sıradan çıxması fonunda işimiz bir qədər çətin olacaq. Estonların isə belə bir problemi yoxdur.
Müdafiınin cinahlarında, sağ tərəfdə Mixael Lilanderlə solda Mixael Şenninq-Larsen qərarlaşıb. Estoniya çempionatının oyunçularından qurulan qanadlar bu komandanı nə dərədəcə qanadlandıra bilir ki? Ən zəif nöqtələri də elə buradır. Estonların qapısına vurulan qollara baxsaq, rəqiblərin əsasən cinahlardan hərəkətə keçdiyini görərik.
Yarımmüdafiə xəttinə gəlincə, burada cinahlardan Çexiyanın “Slovaçko” klubundan Vlasi Sinyavski ilə İrlandiyanın “Bohemians” klubunda Martin Millerin mübarizə apardığını görürük. Maraqlıdır ki, hər iki futbolçu millinin heyətində 35 oyun keçirib. Sinyavski cinah reydləri etməsinə baxmayaraq fərqlənməyibsə, Miller aktivinə iki qol yazdırıb.
Yarımmüdafiənin mərkəzində eyni vaxtda quruculuq və dağıdıcılqla yadda qalan Niderlandın “Dordrext” klubunun üzvü Robert Şeynlə İsveçin “Brommapoykarna” komandasının futbolçusu Martin Vetkal şans qazanır. Estoniyanın zəif nöqtəsini axtarmaq lazımdırsa, çox uzağa getməyib bu mövqeyə “ağır artilleriya”nı yerləşdirmək olar. Şeynin 21, Vetkalın 20 yaşı var. Bu mövqedə “Levadiya”nın 28 yaşlı xavbeki Mixkel Aynsalunu da görmək olar. Santuş daha təcrübəli yarımmüdafiəçilərimizlə onlara çətinlik yaşada bilər.
Hücumun mərkəzində Yerusəlim “Hapoel”inin forvardı Rauno Sappinen qərarlaşsa da, Henn zədə səbəbindən bu dəfə onun xidmətindən məhrum olacaq. Onu bu mövqedə “Nımme Kalyu”nun forvardı Aleks Tamm əvəzləyə bilər. Millinin heyətində 9 oyun keçirən 23 yaşlı hücumçu cəmi 2 qol vurub. Mövsümün sonunda “Sumqayıt”dan Vyetnamın “Hoşimin” komandasına üz tutan Erik Sorqa da millimizə qarşı oyunda şans qazana bilər.
Bəli, ötən tsikldə 4 xal aldığımız rəqibin gücündən və təhlükə mənbəyi olmasından danışmağa dəyməz. Gördüyümüz kəndə bələdçi lazım deyil. Amma onların bizə qarşı xüsusi motivasiya ilə oynayacaqlarını nəzərə almalıyıq. Qrupdakı üçüncü oyunumuzda da uduzsaq… Belə baxanda nə olacaq ki?! Öyrəncəliyik artıq…
Azərbaycan – Estoniya rəqabəti
1. 15.02.1996. Larnaka. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0
2. 01.03.1997. Larnaka. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 2:0
3. 04.06.1997. Vilyandi. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 1:0
4. 16.05.1998. Vilyandi. Beynəlxalq turnir. Estoniya – Azərbaycan 0:0
5. 28.11.1998. Gəncə. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 2:1
6. 06.03.1999. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 2:2
7. 03.07.2002. Kuressaare. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0
8. 15.11.2013. Tallin. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 2:1
9. 17.06.2023. Bakı. AÇ seçmə mərhələ. Azərbaycan – Estoniya 1:1
10. 13.10.2023. Tallin. AÇ seçmə mərhələ. Estoniya – Azərbaycan 0:2
CAVAD