“Şəfa”ya uduzmağımıza təəssüflənmədim. İlk dəfədir ki, oyuna məğlub olmaq üçün gedirdik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında I Liqa təmslçisi “Araz Saatlı”nın prezidenti Ədalət Abdullayev Azərbaycan Kubokunun I təsnifat mərhələsində  “Şəfa”ya 0:2 hesabı ilə məğlub olduqları oyun haqda danışarkən deyib.

O, kubokda yarışmağa maliyyə vəsaitlərinin çatmadığını bildirib: “Düzdür, ötən ildən deyirlər ki, Azərbaycan Kubokunda neçə il sonra 34 komanda iştirak edir. Say, rəqəm – hər şey yerində, çox gözəl, lakin biz və bir neçə klubun nəqliyyat xərclərini qarşılamağa maliyyəsi yoxdur ki, gedib kubok matçı oynayaq. Açığı biz getmişdik ki, məğlub olaq və kubokdan çəkilərək, bütün gücümüzü çempionata verək. Düzdü, kubok da əlavə stimuldur. Futbolçular da həvəsli yanaşırlar. Amma təəssüf ki, indiki maliyyə vəziyyətimizlə bu məğlubiyyətə pis ola bilmirik. Təəssüflənirik ki, ürəklə iştirak etməyimizə  maliyyə şərtlərimiz imkan vermir”.

Ədalət bəy şəxsi intriqaları geridə qoyaraq, qısa zamanda yenidən doğma azarkeşləri önündə oynamağı arzulayır: “Hələ ki, əvvəlki stadionumuza qayıtmağı planlamırıq. Sadəcə, inanırıq ki, qısa zamanda yenidən öz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Şəxsi intriqa zəminində olan kiçik, ucuz problemlər geridə qalacaq. Şirvanda demək olar ki, azarkeşsiz oynayırıq. Demək olar ki, Saatlıdan ora gəlib, oyuna baxan yoxdur. Təsadüfən 2-3 nəfər gəlir. Az sayda da olsa, Şirvan sakinləri gəlib maraq göstərir. İnanırıq ki, bu problemlər geridə qalacaq və ən azı keçən mövsümdəki kimi, doğma tribunalar qarşısında oynaya biləcəyik”.

GÜNAY İSMAYILOVA

Shares: